Georgi Adamiyanın transfer qiyməti 100 min dollara düşdü
26.01.2009 - 18:05
Georgi Adamiyanın transfer qiyməti 100 min dollara düşdü
“Georgi Adamiyanın transferə barədə “Neftçi” rəhbərliyi ilə Antalyada söhbətimiz oldu. İndi gürcü hücumçunun keçidi üçün 100 min dollar istənilir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Hücumçu axtarışında olan paytaxtın eyni adlı komandası “Neftçi”nin transferə çıxardığı Adamiyanı düşərgəsinə cəlb edib. “Bakı” Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına apardığı 28 yaşlı hücumçu ilə müqavilə məsələsində razılığa gəlsə də, “Neftçi” ilə ortaq məxrəcə gəlinməyib.

Məmmədov “Neftçi”nin müvafiq olaraq, Türkiyənin “Kocaelispor” və Zaqatalanın “Simurq” klubuna keçən Rəşad Sadıqovla Aleksandr Çertoqanovdan sonra Adamiyanın da yeni kluba keçidinə əngəl törətməyəcəyinə ümid edir: “Adamiyaya görə ilkin məbləğ 180 min dollar idi. İndi bu məbləğ 100 min dollar düşsə də, yenə bizə sərf etmir. Çünki müəyyənləşmiş büdcəmiz var və bundan kənara çıxa bilmərik. Adamiya ilə müqavilənin mövsümün sonuna qədər bağlanması nəzərdə tutulub. Onun özünə də verilən pulu nəzərə alsaq, altı aylıq anlaşma üçün məbləğ çoxdur. Klub futbolçunu transferə çıxarıbsa, ona görə kompensasiyanı biz ödəməliyik. Hələlik Adamiyanın məsələsi açıq qalır. Ümid edirik ki, “Neftçi” ilə danışıqlar müsbət yekunlaşacaq və Sadıqovla Çertoqanov kimi, onun da transferinə problem yaradılmayacaq”.

Qeyd edək ki, “Neftçi” Adamiya ilə cari mövsümün sonuna qədər müqaviləsi olduğu üçün kompensasiya tələb etmək hüququ var.
0