Marko Şarlia: Qızıl medallar bizim olacaq! MÜSAHİBƏ
27.01.2009 - 00:08
Marko Şarlia: Qızıl medallar bizim olacaq! MÜSAHİBƏ
Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən “Bakı”nın xorvatiyalı qapıçısı Marko Şarlianın müsahibəsi

- Məşqlər necə keçir?
- Yüksək səviyyədə. Əsasən fiziki hazırlıqlara üstünlük veririk. Göründüyü kimi, təlimlərin sonuna kimi bütün futbolçular ikinci dövrəyə tam hazır olacaqlar.

- Geridə qalan yoxlama görüşləri hansı təəssüratlarla yadda qalıb və komandanın bu qarşılaşmalardakı oyununu qənaətbəxş sayırsınızmı?
- Antalyada olduğumuz müddətdə 3 yoxlama görüşü keçirmişik. Bildiyiniz kimi, onlardan birində qalib gəlmişik, birini heç-heçə başa vurmuşuq və birində məğlub olmuşuq. Düzünü desəm, ağır məşqlərdən sonra futbolçularda və məndə bir qədər yorğunluq hiss olunurdu. Lakin buna baxmayaraq, komandamız çox gözəl oyun sərgiləyir və gələcəkdə daha da səviyyəli futbol sərgiləyəcək.

- Komandada əsas qapıçı olmaq uğrunda Sissoko ilə aranızda güclü rəqabət var. Ölkə çempionatının ikinci dövrəsində bu rəqabətin davamına hazırsızmı?

- Mən rəqabətə hər zaman hazıram. Sissoko güclü qapıçıdır. Onunla möhkəm dostluq əlaqələrimiz var. Rəqabətə gəldikdə, rəqabət olmasa inkişafdan söhbət gedə bilməz. Ona görə də öz üzərimdə çalışıram və inanıram ki, gələcəkdə baş məşqçi mənə mütəmadi olaraq əsas heyətdə yer verəcək.

- Çempionluq uğrunda “Bakı”nın əsas rəqibi kimi hansı komandanı görürsünüz?
- Əminliklə demək istəyirəm ki, çempion biz olacağıq. Buna heç bir şübhəm yoxdur. Çempionatda mənim fikrimcə, zəif komanda yoxdur. Çempionatın səviyyəsi yüksəlir, hər bir komanda ilə qarşılaşmada xal itirə bilərik. Yüksək səviyyədə hazırlaşıb belə halların qarşısını almalıyıq. Çempionluq uğrunda mübarizədə əsas rəqibimizin "İnter" olacağını təxmin edirəm.

mənbə: bakifc.az
0