Azərbaycanlı məşqçi yerini Roberto Karlosa verdi
27.01.2009 - 11:32
Azərbaycanlı məşqçi yerini Roberto Karlosa verdi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhsuldar müdafiəçilərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Hollandiya milli komandasının sabiq futbolçusu Ronald Kuman futbol tarixində ən çox qol vuran arxa xətt oyunçusudur. Milli çempionatların güclülər dəstəsində ən azı 50 qol vuran müdafiəçilərin siyahısına başçılıq edən 45 yaşlı hollandiyalının hesabında 193 top var. İkinci olan argentinalı Daniel Pasarella 134, üçüncü pillədə qərarlaşan ispaniyalı Fernando Yerro 110 dəfə fərqlənib. Daha iki müdafiəçi Eqardo Bauza (Argentina) və Pol Braytner (Almaniya) 100 qol həddini aşıb. Onlar müvafiq olaraq, 108 və 103 dəfə rəqib qapısına yol tapıb.

Siyahıda yer alan 80 futbolçu arasında Azərbaycanın yeganə təmsilçisi olan Ramiz Məmmədov isə bir pillə geriləyib. Hesabında 64 qol olan “Qəbələ”nin baş məşqçisi 33-cü pilləni əldən verib. Yenilənmiş siyahıda artıq 34-cü olan Məmmədovu Braziliya milli komandasının sabiq oyunçusu, hazırda “Fənərbaxça”nın formasını geyinən Roberto Karlos arxada qoyub. Vurduğu qolların ümumi sayını cari mövsüm 65-ə çatdıran dünya çempionu 33-cü pilləni ələ keçirib.

Qeyd edək ki, Məmmədov 1992-2005-ci illərdə vurduğu qolları Azərbaycan və İran birinciliklərində rəqib qapısından keçirib.
0