Azərbaycan yığması Dubaya yollandı
27.01.2009 - 11:34
Azərbaycan yığması Dubaya yollandı
Azərbaycan yığması Birləşmiş Ərəb Əmirliklərinə yollanıb. Apasport.az saytının məlumatına görə, bu gün səhər saatlarında Bakı-Dubay sərnişin reysilə səfərə çıxan milli komandamızın 16 günlük təlim-məşq toplanışı başlayıb. Yığmadan öncə Dubaya yollanan baş məşqçi Berti Foqts milli üzvlərini orada qarşılayacaq. Alman mütəxəssis Dubaydakı toplanışa 27 futbolçu çağırsa da, bunlardan 3-ün xidmətindən yararlana bilməyəcək. Yarımmüdafiəçi Anatoli Ponomaryov özünə yeni klub axtardığı üçün hazırlıq prosesindən kənarda qalıb. Milli komandamızın kapitanı Rəşad Sadıqovla (“Kocaelispor”, Türkiyə) serbiyalı hücumçu Branimir Subaşiçi (“Srvena Zvezda”, Serbiya) isə klubları belə uzun müddətə buraxmayıb.

Milli komandamızın hazırlıq prosesində Özbəkistan və Küveyt yığmaları ilə yoldaşlıq görüşü keçirəcəyi dəqiqdir. Özbəklərlə oyun fevralın 1-də Dubayda, küveytlilərlə 11-də Əl-Küveyt şəhərində olacaq. Çexiya çempionu olan Praqanın “Slaviya” klubu ilə fevralın 7-də matçın keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub. Millimizin fevralın 12-dək davam edəcək toplanış müddətində gündə iki dəfə - saat 10:00 və 16:00-da məşq prosesi keçməsi nəzərdə tutulub.
0