Svetkov “Xəzər-Lənkəran”dan ayrılıb FİFA-ya şikayət etdi YENİLƏNİB
27.01.2009 - 15:55
Svetkov “Xəzər-Lənkəran”dan ayrılıb FİFA-ya şikayət etdi YENİLƏNİB
Azərbaycan Premyer Liqasının bombardiri İvan Svetkov “Xəzər-Lənkəran” klubunun düşərgəsindən ayrılıb. Apasport.az saytının məlumatına görə, bolqar hücumçu artıq üç gündür Antalyada toplanışda olan Lənkəran təmsilçisinin məşq prosesinə qatılmır. Komandadan getməyə qərar verən Svetkovun hal-hazırda İstanbulda olduğu, türk və rus klubları ilə danışıqlar apardığı söylənilir. Onun gedişinə səbəb kimi, son üç ayda məvacibini ala bilməməsidir. Bu səbəbdən forvard hətta FİFA-ya şikayət də edib.

“Xəzər-Lənkəran”ın vitse-prezidenti Rəvan Bəşirov isə Svetkovun komandadan ayrılmayacağını bildirib: “Futbolçu adətən ya zədə ucbatından, ya da komandadan ayrılmaq istədiyi üçün məşqləri dayandırır. Amma hazırda Antalyada olan “Xəzər-Lənkəran”da belə hal yaşanmır. Yəni, məşqlər tam gücü ilə davam edir. Klubumuzun heç bir futbolçusu, o cümlədən Svetkovla problemim yoxdur. Bizim Svetkova ümidimiz böyükdür”.

Qeyd edək ki, ötən yay “Sivasspor”dan “Xəzər-Lənkəran”a keçən Svetkov ilk dövrədə 9 qol vurub. Onun ölkəmizdə illik qazancının 500 min dollar olduğu bildirilir.
0