Kaxa Kaladze Azərbaycanda oynayan futbolçunu yada saldı
27.01.2009 - 13:35
Kaxa Kaladze Azərbaycanda oynayan futbolçunu yada saldı
“Milan”ın gürcüstanlı müdafiəçisi Kaxa Kaladze Azərbaycanda çıxış edən həmyerlisini yada salıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu “Bakı”nın hücumçusu Georgi Demetradze ilə əlaqə saxlayıb.
Kaladze uzun müddət milli komandada bir yerdə oynadığı Demetradze ilə dostluq edir: “Yaxınlarda Georgiyə zəng etdim. O, həmin vaxt məzuniyyətdə idi. Demetradze hazırda Azərbaycanda çıxış edir”.
Biznes layihələri çox olan Kaxa futboldan kənar işlərlə də məşğuldur. Belə ki, Kaladze Ukraynada jurnal buraxır, Gürcüstanda bankı, İtaliyada restoranı var. Milli komandanın kapitanı bütün bu layihələrlə biznes yoldaşlarının məşğul olduğunu bildirib: “Milandakı “Canino” restoranı fəxrimdir. Onu dostumla birgə almışam. Restoranıma “Milan” və “İnter” klublarının futbolçuları, rəhbərliyi, habelə tanınmış modellər və televiziya aparıcıları gəlirlər. Hətta braziliyalı hücumçu Ronaldo “Milan”la burada müqavilə imzalamışdı. Gürcüstandakı bankım elə də böyük deyil. Dünyadakı maliyyə böhranına baxmayaraq, bizim riskimiz yoxdur. Kreditlə bağlı problemi olan bankımın inkişaf edəcəyinə ümidvaram. Az öncə özüm menecer götürmüşəm və o, reklam müqavilələrimlə məşğul olur. Mobil əlaqələrlə məşğul olan bir gürcü şirkətini reklam edirəm. “Adidas” və paltar istehsal edən məşhur italyan şirkəti “Dolçe Qabana” ilə müqavilə imzalamışam”.
0