Rusiya Futbol İttifaqı Azərbaycana qarşı keçiriləcək oyunla bağlı bəyanat yaydı
27.01.2009 - 14:33
Rusiya Futbol İttifaqı Azərbaycana qarşı keçiriləcək oyunla bağlı bəyanat yaydı
2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya və Azərbaycan milli komandalarının martın 28-də keçiriləcək görüşünün məkanı ilə bağlı anlaşılmazlıq yaranıb. Apasport.az saytının məlumatına görə, məsələyə müdaxilə edən Rusiya Futbol İttifaqı (RFİ) bu gün bəyanat yayıb.

Belə ki, Rusiyanın “Sovetskiy sport” qəzeti bugünkü sayında milli komandamızla martın 28-də rəsmi matçlarının Bakıda keçiriləcəyini dərc edib. Bu informasiya ilə anlaşılmazlığa aydınlıq gətirən RFİ rəsmi müraciət etməli olub: “Milli komandanın bütün azarkeşlərinin diqqətinə onu çatdırırıq ki, Rusiya yığması Azərbaycanla 2009-cu il martın 28-də Bakıda yox, Moskvada görüşəcək. “Lujniki” stadionunda saat 17:00-da başlayacaq oyunla bağlı bilet proqramı yaxın günlərdə dərc olunacaq. Azərbaycanla təkrar görüşümüz isə həqiqətən də Bakıda keçiriləcək. AFFA bu il oktyabrın 14-də keçiriləcək həmin matçın Bakıda keçirilməsi haqda bizi məlumatlandırıb. Rusiya Futbol İttifaqı ölkənin Kütləvi İnformasiya Vasitələri arasında aparıcı yerlərdən birini tutan nəşrin belə kobud səhvə yol verməsi və bununla da oxucuların gözü qarşısında özünü nüfuzdan, hörmətdən salmasına görə təəssüf edir. Ümid edirik ki, gələcəkdə qəzet redaksiyası səhifələrində yer alan informasiyalara diqqətlə yanaşacaq”.
0