AFFA “Xəzər-Lənkəran”, “Muğan”, “Standard” və “Turan” klublarını cəzalandırdı
27.01.2009 - 15:26
AFFA “Xəzər-Lənkəran”, “Muğan”, “Standard” və “Turan” klublarını cəzalandırdı
AFFA “Xəzər-Lənkəran”, “Muğan”, “Standard” və “Turan” klublarını cəzalandırıb. Apasport.az saytının məlumatına görə, bu komandalar növbəti mövsümdə Premyer Liqada iştirak etmək üçün lisenziya almaqla bağlı sənədləri vaxtından gec təqdim ediblər. Hər bir klub lisenziya almaq üçün Lisenziyalaşdırma qrupuna lazımi sənədləri təyin olunmuş vaxta kimi – bu ilin yanvarın 12-ə kimi təqdim etməli idi. Lakin “Xəzər-Lənkəran”, “Muğan”, “Standard” idman, “Turan” isə həm idman, həm də infrastruktur meyarı üzrə müvafiq sənədləri təyin olunmuş vaxtdan gec təqdim ediblər.

AFFA-nın Nizam-İntizam Qaydalarının 74-cü maddəsinə uyğun olaraq, sənədləri təyin olunmuş vaxtda təqdim etmədikləri üçün klub hər bir iş günü üçün 1000 manat məbləğində cərimə ödəməlidir. “Xəzər-Lənkəran” bir gün gecikdirdiyi üçün 1000, “Standard” iki gün gecikdirdiyi üçün 2000, “Muğan” üç gün gecikdirdiyi üçün 3000 manat cərimələnib. “Turan” isə həm idman, həm də infrastrukturla meyarları ilə bağlı sənədləri üç gün gecikdirdiyi üçün ümumilikdə 6000 manat məbləğində cərimə ödəməli olacaq.

Qeyd edək ki, MOİK Lisenziyalaşdırma qrupuna infrastruktur və idman meyarları üzrə, ümumiyyətlə, sənəd təqdim etmədiyi üçün cərimə olunmayıb.

Mənbə: affa.az
0