Əhməd Ələsgərov Azərbaycana qayıtdı
27.01.2009 - 16:04
Əhməd Ələsgərov Azərbaycana qayıtdı
Azərbaycan yığmasının sabiq baş məşqçisi Əhməd Ələsgərov Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, Ukraynada yaşayan təcrübəli mütəxəssis “Neftçi”də rəhbərliyi altında işlədiyi Nikolay Boqdanovla birgə ölkəmizə təşrif buyurub. AFFA hər iki futbol veteranını II Bakı Beynəlxalq Futzal Turnirinə bağlanış mərasiminə dəvət edib.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, baş katib Elxan Məmmədov ölkəmizdə inkişafı üçün böyük zəhməti olan Ələsgərov və Boqdanovla bu gün görüşüb. Görüşdə Azərbaycan futbolunun tarixi barədə danışılıb, bu günü müzakirə olunub və inkişaf perspektivləri nəzərdən keçirilib. Ələsgərov və Boqdanov ölkəmizdə futbolun inkişafı ilə bağlı tövsiyələrini bildiriblər.

Daha sonra futbol veteranları Məmmədovun müşayiəti ilə AFFA tərəfindən inşa edilmiş Futbol akademiyası ilə tanış olub, qısa müddət ərzində burada yaradılmış yüksək şəraitin gənc futbolçuların yetişdirilməsində müstəsna rolunun olacağını deyiblər. Baş katib tərəfindən Ələsgərovla Boqdanova gələcəkdə də Futbol akademiyasına gələrək burada təhsil alan uşaqlara dəyərli məsləhətlərini vermək təklif olunub. Bu təklifə müsbət yanaşan futbol veteranları göstərilən diqqətə görə minnətdarlığını bildirib.
0