Özbəklər milli komandamızla oyuna 4 qapıçı ilə hazırlaşır
27.01.2009 - 16:44
Özbəklər milli komandamızla oyuna 4 qapıçı ilə hazırlaşır
Fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirəcək Özbəkistan yığmasının heyətində artım olub. Apasport.az saytının məlumatına görə, özbəklərin baş məşqçisi Mircəlal Qasımov sərəncamında olan qapıçıların sayını 4-ə çatdırıb. Belə ki, “Paxtakor” klubunun 25 yaşlı qapıçısı Timur Jurayev də yığmaya çağırılıb.

Qasımov “Paxtakor”un futbolçularının Moskvada keçirilən “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin gedişi zamanı milli komandaya gəlişinə nail olmuşdu. Həmin vaxt yalnız Jurayevə güzəşt olunmuşdu. Çünki baş məşqçi “Paxtakor”u qapıçısız qoymaq istəmirdi. Timur turnirdə çıxışını başa vurduqdan sonra yığmanın sıralarına qoşulub. Onun gəlişi ilə milli komandamızla oyuna çağırılan özbək futbolçuların sayı 24-ə çatıb.

Hazırda Özbəkistan milli komandasında 4 qapıçı yer alsa da, Qasımov onların çox olmadığını vurğulayıb: “Həyatda hər şey mümkündür. Allah eləməsin, İqnati Nesterovun başına bir iş gəlsə, Mixail Naumovla Muhiddin Xudoyarov meydana çıxmaq iqtidarında olmasa, “Paxtakor”un ikinci qapıçısı Timur Jurayevin xidmətindən yararlanacağıq. Əlbəttə, Nesterov səviyyəsində ikinci qapıçımız yoxdur. Ancaq yerli klublarda çıxış edən qapıçıların təcrübə toplamaq məqsədilə yığmaya cəlb olunması zəruridir”.

Qeyd edək ki, milli komandamızdan öncə Dubaya yollanan özbəklər artıq yoxlama oyunu keçiriblər. Rusiya çempionu, UEFA kuboku və Superkubokunun qalibi “Zenit”lə görüşən Qasımovun komandası 1:0 hesablı qələbə qazanıb.
0