Ayxan Abbasov: “Qarabağ”da heç kimdən zəif deyiləm
27.01.2009 - 17:42
Ayxan Abbasov: “Qarabağ”da heç kimdən zəif deyiləm
“Çempionatın birinci dövrəsində ağrılar olsa da, əməliyyat haqda düşünmürdüm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Ayxan Abbasov deyib. 27 yaşlı yarımmüdafiəçi klubun rəsmi internet saytına açıqlamasında İstanbulda keçirdiyi əməliyyatın uğurlu alındığını bildirib: “Əməliyyat uğurla keçdi. Bu zədə mənə birinci dövrədə istədiyim kimi oynamağa mane olurdu. Amma, artıq hər şey geridə qalıb. Mübarizəyə hazıram. İnşallah, ötən mövsümdə olan Ayxan Abbasovu görə biləcəksiniz”.

Abbasov komandaya yeni oyunçuların transfer olunmasını da müsbət hal kimi dəyərləndirir: “Hamı komandanın uğurunu istəyir. Kim layiqdirsə, o da oynasın. Özümə inanıram. Heç kimdən zəif deyiləm”.

Qeyd edək ki, Ayxan il yarım əvvəl keçdiyi “Qarabağ”ın heyətində 30 çempionat oyununda 2 qol vurub.
0