İvan Svetkov “Xəzər-Lənkəran”a lazım deyil!?
28.01.2009 - 10:42
İvan Svetkov “Xəzər-Lənkəran”a lazım deyil!?
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını başa vuran “Xəzər-Lənkəran” son yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, baş məşqçi İqor Ponomaryovun yetirmələri Almaniyanın üçüncü dəstə təmsilçisi “Aalen”i 3:2 hesabı ilə məğlub edib.

Bolqar hücumçu İvan Svetkov “Xəzər-Lənkəran”dan ayrıldığı üçün bu qarşılaşmada meydana çıxmayıb. Üç aydır maaşını almadığından komandasının məşqlərinə də qatılmayan legionerin yoxluğunda Lənkəran klubunun bütün qollarını braziliyalılar vurublar. İki dəfə Romulo Silvano, bir dəfə isə Junior Osvaldo fərqlənib.

Azərbaycan Premyer Liqasının ən yaxşı bombardirini əldən verməkdə olan lənkəranlılar almanlarla qarşılaşmada daha bir futbolçusunu itirib. Belə ki, komandanın yarımmüdafiəçisi Rəşad Abdullayev ilk hissədə zədələnərək, meydanı tərk edib. Ponomaryov baxışda olan litvalı legioner Nerjius Vasilyauskası da bu matçda sınayıb.

Qeyd edək ki, Antalyada 7 yoxlama oyunu keçirən “Xəzər-Lənkəran” bu gün axşam vətənə dönür. Almanlar üzərindəki qələbəyədək Ponomaryovun yetirmələri “Ankaradəmirspor” (Türkiyə), “Aktobe” (Qazaxıstan) və “OİK-Enerji”ni (Rusiya) eyni hesabla - 3:1, “Rostov”la (Rusiya) “Atırau”nu (Qazaxıstan) isə minimal hesabla məğlub etmişdi. Lənkəranlılar Türkiyədə yalnız Rusiyanın “Salyut-Enerji” klubuna uduzdular (1:2).
0