“Qəbələ” Rusiya klubu ilə heç-heçə oynadı
28.01.2009 - 10:58
“Qəbələ” Rusiya klubu ilə heç-heçə oynadı
“Qəbələ” klubu Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində ikinci oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Ramiz Məmmədovun komandası ötən mövsüm Rusiyanın Premyer Liqasında 4-cü yeri tutaraq, UEFA kubokuna vəsiqə qazanan “Amkar” klubu ilə heç-heçə oynayıb - 1:1.

“Qəbələ”nin start heyətində Pavel Dorosev, Məkan Nəsirov, Anatoli Tebloyev, Miliya Jijiç, Qoqa Beraya, Abdulkader Kamara, Anatoli Ostap, Samir Zərgərov, Tomaş Stolpa, Admir Katoviç və Kənan Kərimov yer verib. Bunlardan Dorosev Latviyadan, Katoviç isə Bosniya və Herseqovinadan baxışa gəliblər. Türkmənistandan olan Nəsirov isə 4 il Yevlaxın "Karvan” klubunda çıxış edib.

Zöhrab Əliyevin başçılığı altında azərbaycanlı hakimlərin idarəçiliyi komandaların razılığı ilə qarşılanıb. Yerlipərəstlik prinsipini kənara qoyaraq, öz işlərini peşəkar səviyyədə yerinə yetirməyə çalışan hakimlərimiz hətta bəzi epizodlarda "Qəbələ"nin əleyhinə verdikləri qərarlarla da tamaşaçıların diqqətini cəlb ediblər.

Hesabı 40-cı dəqiqədə “Amkar” açıb. Martin Kuşev cinah keçidini dəqiq zərbə ilə tamamlayıb. Fasilədən sonra təşəbbüsə yiyələnən "Qəbələ" bir neçə təhlükəli vəziyyət yaradıb. Nəhayət, 90-cı dəqiqədə baxışda olan gürcüstanlı Qogi Pipiya bərabərlik qolunu vurub. Beləliklə, ilk oyunda Qazaxıstanın yüksək liqa təmsilçisi “Taraz”a uduzan (0:1) “Qəbələ” ikinci yoxlama matçından "sülh"lə ayrılıb. Ramiz Məmmədovun yetirmələri növbəti oyunu sabah Polşa klubuna qarşı keçirəcəklər.
0