Qyoko Hacıyevski: Özünüz hər şeyi görəcəksiniz
28.01.2009 - 11:29
Qyoko Hacıyevski: Özünüz hər şeyi görəcəksiniz
“Baxışda olan legionerlərdən Hasan Suarini qeyd etməliyəm. İstedadlı futbolçudur və çox gözəl oyun sərgiləyir. Digər hücumçu Vilyam Batista isə məşqlərdə gözəl təsir bağışlasa da, oyununu tam görməmişəm. Onunla bağlı fikirləri "Şinnik"lə matçdan sonra deyəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Bakı”nın baş məşqçisi Qyoko Haclyevski deyib.

Klubun rəsmi İnternet saytına müsahibə verən 54 yaşlı mütəxəssis hazırlıq prosesi zamanı yetirmələrinin epidemiyaya tutulmasından şikayətlənib: “Təlimlər gözəl keçir. Lakin Antalyaya gəldiyimiz ilk gündən futbolçular elə bil soyuqdəymə epidemiyasına tutulmuşdular. Hər futbolçu azı 1-2 gün yataqda keçirdi. Əlbəttə, bu, yaxşı hal deyil. İndi hər şey normaldır”.

Hər halda, komandanın durumu makedoniyalı məşqçini qane edir. Hacıyevski Premyer Liqanın ikinci dövrəsinin əvvəlində MOİK-lə deyil, “Neftçi” və “İnter”lə keçiriləcək qarşılaşmalarda sözlərini deyəcəklərinə əmindir: “Futbolçuların hazırlıq səviyyəsi demək olar ki, yüksəkdir. Çox az müddətdə onlar çatışmazlıqları aradan qaldıracaqlar. Bunu çempionatın ikinci dövrəsinin 2-ci, 3-cü turunda özünüz də müşahidə edəcəksiniz”.

Yeni transferlərin komandaya qısa zaman kəsiyində uyğunlaşması da baş məşqçini sevindirir: “Arxada qalan 12 gün ərzində biz 3 yoxlama görüşü keçirmişik və bu oyunlarda futbolçular özlərini yaxşı tərəfdən göstəriblər. Yeni gələn futbolçulardan Mahmud Qurbanov, Georgi Adamiya, Saşa Yunisoğlu artıq komandadakı ab-havaya uyğunlaşıb”.

Qeyd edək ki, “Bakı” bu gün keçiriləcək yoxlama matçında Rusiyanın “Şinnik” klubu ilə qarşılaşacaq.
0