Arda Turan: Avropanın ən məşhur futbolçusu
28.01.2009 - 12:22
Arda Turan: Avropanın ən məşhur futbolçusu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məşhur futbolçularını müəyyənləşdirmək üçün keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Apasport.az saytının məlumatına görə, azarkeşlər arasında keçirilən səsvermədə Misirin və “Əl-Əhli” klubunun futbolçusu Məhəmməd Abutreyka qalib gəlib. Ardıcıl ikinci il ən məşhur oyunçu adına layiq görülən afrikalı 301 min 837 səs toplayıb.

Portuqaliyanın “Benfika” klubunun honduraslı futbolçusu David Suazo 283 min 829, Braziliyanın “Palmeyras” komandasında çıxış edən Markos isə 155 min 282 səs toplayıb.

Avropada ən çox sevilən futbolçu isə Türkiyə milli komandasının heyətində Avropa çempionatının bürünc mükafatını qazanan Arda Turandır. “Qalatasaray”ın 22 yaşlı yarımmüdafiəçisinin 88 min 321 pərəstişkarı var ki, bu da dünyada 6-cı, qitədə 1-ci nəticədir.

İFFHS-ın açıqladığı ilk “100-lük”də Ardanın yığmadakı iki komanda yoldaşı da yer alıb. “Fənərbaxça”nın hücumçusu Semih Şəntürk cəmi 42 min 21 səs toplasa da, dünyada səkkizinci ola bilib. Avropada isə Semih yalnız Ardadan geri qalır. Qitənin 7-ci, dünyanın 16-cı oyunçusu isə Almaniyanın “Bavariya” klubunda çıxış edən Hamit Altıntopdur – 6 min 409 səs.

Qitə çempionatının digər bürünc mükafatçısı Rusiya isə sıralamada daha çox – 4 futbolçu ilə təmsil olunub. Lakin onların heç biri ilk “onluq”da yer almayıb. Martın 28-də dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilə qarşılaşacaq rusiyalılardan Vladimir Bıstrov 12, İqor Akinfeyev 26, Andrey Arşavin 27, Dmitri Siçev 43-cü pillədə qərarlaşıb.

Digər rəqibimiz Avropanın ikinci komandası olan Almaniyanı siyahıda təmsil edən 4 futbolçu isə Sıçevdən də geri qalır. Mixael Ballak 48, Oliver Kann 63, Lukaş Podolski 78, Filip Lam isə 81-ci yerdədir. Daha bir rəqibimiz Uels yığmasının əfsanələrindən sayılan, artıq milli karyerasını bitirən Rayan Qiqqz məşhurluğuna görə dünyada 77-cidir.
0