Valentin Belkeviç karyerasını Azərbaycanda bitirmək istəmirmiş
28.01.2009 - 12:30
Valentin Belkeviç karyerasını Azərbaycanda bitirmək istəmirmiş
Belaruslu futbolçu Valentin Belkeviç karyerasını Azərbaycanda bitirmək istəmirmiş. Apasport.az saytının məlumatına görə, Bakının “İnter” klubu ilə bir illik müqaviləsini altı ay öncə qarşılıqlı razılıqla pozan 36 yaşlı yarımmüdafiəçi məşqçiliyə hazırlaşır.

Kiyevdə A kateqoriyalı məşqçilik lisenziyasını alan Belkeviçin Kiyevin “Arsenal” klubunun məşqçilər korpusunda yer alması ilə bağlı məlumatlar dolaşmaqdadır. Ukraynada yalnız Kiyev “Dinamo”sunda çıxış edən və 11 ildə 13 titul qazanan, Çempionlar Liqasında yarımfinalında oynayan Valentin karyerasını məhz bu komandada başa vurmaq arzusunda imiş. Elə “Dinamo”nun prezidenti İqor Surkis də Belkeviçi karyerasını bitirdikdən sonra kluba dəvət etmək fikrində olduğunu bəyan etsə də, 2007-ci ildə “qapını göstərib”.

Həmin vaxt bir futbolçu kimi xidmətinə daha ehtiyac olmamaq haqda məlumatlanan Valentin hələ oynamaq istədiyindən Azərbaycandan gələn təklifi dəyərləndirir: “Karyeranı müəyyən səviyyədə başa vurmaq lazımdır. Daha bundan qat-qat aşağı düşməməlisən. Kiyevdən Poltavaya, oradan hansısa Reçitsaya getmək olar. Ancaq ən asanı elə karyeranı burada, Kiyevdə başa vurmaqdır”.

Qeyd edək ki, Reçitsa Belarusun şəhəridir və Belkeviç vətənində Minskin “Dinamo” klubunda çıxış etdiyi vaxtda iki dəfə ölkə kubokunu qazanıb.
0