Yurgen Koler: Biz “Xəzər-Lənkəran”dan daha yaxşı oynayırdıq
28.01.2009 - 13:33
Yurgen Koler: Biz “Xəzər-Lənkəran”dan daha yaxşı oynayırdıq
“Xəzər-Lənkəran” bizim üçün yaxşı dərs oldu. Rəqibimiz çox fəallıq göstərirdi. Onlar texnikalı oyun sərgiləyirdilər. Ümumiyyətlə, belə oyunlar ona görə faydalıdır ki, rəqibdən nə isə müsbət bir şey görüb-götürürsən”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniyanın üçüncü dəstəsində çıxış edən “Aalen” klubunun baş məşqçisi Patrik Sander deyib.

Türkiyənin Antalya şəhərində keçirilən yoxlama matçında “Xəzər-Lənkəran”a 2:3 hesabı ilə uduzduqdan sonra mütəxəssis yetirmələrini qınayıb: “Biz rəqibin qapımıza zərbələr endirmək işini lap asanlaşdırmışdıq. Uduzmağımız da bu səhlənkarlığın nəticəsi idi. Yalnız qayda pozuntularının çoxluğu ilə rəqibi üstələyirdik. Ən pisi o idi ki, oyunun axarını dəyişə bilmirdik”.

Hazırda “Aalen”in idman direktoru olan Yurgen Koler də matçla bağlı fikir bildirib. Futbolçu kimi 1990-cı ildə Almaniya milli komandasının heyətində dünya çempionu olan mütəxəssis də səhvlərdən danışıb: “Birinci hissədə “Xəzər-Lənkəran”dan daha yaxşı oynayırdıq. Rəqibin ilk qolu vurması bizim səhvimizdən oldu. Məhz bizim səhlənkarlıq üzündən “Xəzər-Lənkəran” hesabı bərabərləşdirdi. İndi hansı çatışmazlıqları aradan qaldırmalı olduğumuzu bilirik”.