Van der Sar azərbaycanlı qapıçıya “əlcək atdı”
28.01.2009 - 16:15
Van der Sar azərbaycanlı qapıçıya “əlcək atdı”
Hollandiya yığmasının qapıçısı Edvin van der Sar İngiltərə çempionatları tarixinin rekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in 39 yaşlı futbolçusu ardıcıl 11-ci dəfə meydanı qolsuz tərk etməklə, quru dəqiqələrinin sayını 1031-ə çatdırıb. Karyerasında ilk dəfə 1000 həddini aşan Edvin buna nail olan 44-cü qapıçı olmaqla yanaşı, Petr Çexə məxsus Premyer Liqa rekordunu da 6 dəqiqə üstələyib. Hazırda dünyanın 36-cı göstəricisinə malik qapıçı növbəti turlarda nəticəsini daha da yaxşılaşdıra bilər.

“Mançester Yunayted” ölkə çempionatının növbəti turunda “Everton”u qəbul edəcək. Fevralın 2-də keçiriləcək matç Azərbaycan milli komandasının və “Turan”ın sabiq qapıçısı Nizami Sadıqov üçün də böyük maraq kəsb edəcək. Belə ki, hazırda “Qarabağ” da çalışan məşqçi həmin gün “Everton”a azarkeşlik etməyə məcburdur. Çünki quru dəqiqələrin sayına görə Azərbaycan rekordçusu olan Sadıqov dünya sıralamasındakı mövqeyini itirmək istəmir. Van der Sarı 75 dəqiqə qabaqlayan futbolçumuz özündən üç yaş kiçik hollandiyalının onu keçməməsi üçün “Everton”un ilk 75 dəqiqədə qol vurmasını arzulayacaq. “Mançester Yunayted”in rəqibi ardıcıl 4 oyundur meydanı qolsuz tərk etmir.
Qeyd edək ki, Sadıqov 1106 dəqiqəlik quru seriyaya 1993-cü ildə imza atıb.
0