Ərəb şeyxi futbolçumuzu “Mançester Siti”yə aparır
28.01.2009 - 17:21
Ərəb şeyxi futbolçumuzu “Mançester Siti”yə aparır
Azərbaycan yığmasında oynamağa razılıq verən Cem Fələk İngiltərənin “Mançester Siti” klubundan təklif alıb. Bu haqda apasport.az saytına Almaniyada yaşayan futbolçunun atası Vural Fələk məlumat verib. Onun sözlərinə görə, ingilislər 14 yaşlı Cemin oyununu Almaniyada görüblər: “Oğlum az öncə Frankfurtda yeniyetmələr arasında təşkil olunan turnirdə ən yaxşı futbolçusu seçildi. Yarışı izləyənlər arasında “Mançester Siti”nin seleksiyaçıları da olub. Məlum olduğu kimi, ərəb milyarderlər bu kluba sahib çıxandan sonra maddi vəziyyətləri yaxşılaşıb. Aşağı yaş qruplarından ibarət komandalarına xüsusi diqqət yetirən “Mançester Siti” istedadlı futbolçuları düşərgələrinə cəlb etmək istəyir. Cemlə yaxından maraqlanan ingilislər onun transferi ilə bağlı “Ayntraxt”ın prezidentinə müraciət ediblər”.

Vural Fələk deyib ki, Cemin yaşı az olduğu üçün uzaq yerə, xüsusilə, başqa ölkəyə köçmək istəmirlər. Ancaq onun sözlərinə görə, “Mançester Siti” bu vəziyyətdən çıxış yolu da təklif edib: “Klub ailəmizin Mançester şəhərində yaşamasına şərait yaradır. Ancaq biz bu cəlbedici təklifə müsbət cavab verməmişik”.

Xatırladaq ki, Cem Fələk ötən ilin noyabrında ailəsi ilə birgə Bakıya gələrək, AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb. İstedadlı futbolçunun Azərbaycan yığmasında çıxış etmək istəyini müsbət qarşılayan assosiasiya rəhbəri FİFA-nın qaydalarına əsasən, 18 yaşın tamam olmasını gözləməyi məsləhət bilib.
0