Pavlyuçenko “Neftçi”nin sabiq məşqçisinə sataşdı
28.01.2009 - 20:12
Pavlyuçenko “Neftçi”nin sabiq məşqçisinə sataşdı
Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində rəqiblərdən olan Rusiya yığmasının hücumçusu Roman Pavlyuçenko onu tənqid edən mütəxəssislərin cavabını verib. Apasport.az saytının məlumatına görə, Londonun “Tottenhem” klubunda çıxış edən 27 yaşlı futbolçu “Neftçi”nin sabiq məşqçisi Yuri Sevidova da “ilişib”.

İngiltərə Premyer Liqasında debüt mövsümündə kifayət qədər inamlı çıxış edən Pavlyuçenko 67 yaşlı həmyerlisini məşqçi saymır: “Məlumat kitabçasına baxaraq, Yuri Sevidovun hansı komandalarda işlədiyi ilə tanış olun. Bu “böyük” mütəxəssisin bir komandada nə qədər qaldığının və nə əldə etdiyinin şahidi olun. Axı belə insan əsl məşqçiləri futbol oynamağa necə öyrədə və onlara səhvlərini göstərə bilər?! Yuri Sevidov bir məşqçi kimi kimdir? Onun komandaları nə qədər medal qazanıb? İstənilən adam sözdə özünü böyük futbol mütəxəssisi kimi göstərməyin əleyhinə deyil. Ancaq öz tutarlılığını əməldə sübut etməyi heç də hər kəs bacarmır”.

Qeyd edək ki, Yuri Sevidov atası Aleksandrla birgə 1987-ci ildə SSRİ çempionatının güclülər dəstəsində “Neftçi”də çalışıb. O, atası komandamızın baş məşqçisi olduğu dövrdə onun köməkçisi olub. Sevidovlar həmin mövsümün ortasında qovulduqdan sonra köməkçi məşqçi işləmiş Ağasəlim Mircavadov komandanın sükanı arxasına keçib.
0