Kristof Daum “Bakı”nın yolunu gözləyir
30.03.2009 - 15:47
Kristof Daum “Bakı”nın yolunu gözləyir
“Bakı” beynəlxalq əlaqələrini genişləndirir. Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, Almaniya Bundesliqasında mübarizə aparan iki klubla əməkdaşlıq edəcəklər.

Afşar bildirib ki, Berlin “Herta”sı ilə yanaşı, Kölnün eyniadlı klubu ilə də rəsmi müqavilənin bağlanması nəzərdə tutulub: “Bildiyiniz kimi, “Köln”ü tanınan mütəxəssis Kristof Daum çalışdırır. Türkiyədə də işləmiş bu alman mütəxəssis “Beşiktaş”, “Fənərbaxça” klublarının baş məşqçisi olub. Daum yolumuzu gözləyir. Almaniyaya onun köməkçisi olmuş Murad Kuşla yollanacağam. Yaxınlarda “Köln”un yeni bazası istifadəyə veriləcək. “Herta” ilə də əməkdaşlıqla bağlı saziş imzalayacağıq. Artıq “Udineze” ilə də əməkdaşlığın təməlini qoymuşuq və gələcəkdə onunla da münasibətləri rəsmiləşdirəcəyik”.

Hazırda Türkiyədə olan Afşar gələn həftə Almaniyaya yollanmağı planlaşdırır. Vitse-prezident bu ölkədə yaşayan gənc futbolçularımızla da təmas quracaq: “Məlum olduğu kimi, Avropada azərbaycanlı futbolçu axtarışında olan klubumuz onları gələcəkdə sıralarında görmək istəyir. Nürnberqdə olan iki azərbaycanlı futbolçu ilə yaxından tanış olacağam. Belçikada oynayan yeniyetmə azərbaycanlı futbolçu Rey Məmmədli və onun atası ilə görüşdüm. Atası da vaxtilə futbolçu olub. Onlar Belçikanın paytaxtı Brüsselin yaxınlığında yaşayır. Yerli futbolçulara üstünlük verən Rey çıxış etdiyi klubda yeganə əcnəbidir. 16 yaşı olan futbolçunu 1-2 ildən sonra dəvət edəcəyik. Həmin vaxta kimi onun Belçikada səviyyəsini daha da artırmasını istəyirik”.
0