Qapıçı iki qol vurdu
30.03.2009 - 16:16
Qapıçı iki qol vurdu
Azərbaycan milli komandası Rusiya yığmasının əsas qapıçısı İqor Akinfeyevi işə salıb. Apasport.az saytının məlumatına görə, Moskva MOİK-ində çıxış edən 23 yaşlı futbolçunun yığmamızla Moskvadakı rəsmi oyunda o qədər güc sərf etməməyi başına bəla açıb.

Lixtenşteynlə səfər öncəsi bu gün son məşqini keçən ruslar milli komandamıza qarşı oynayanlara istirahət verib: “Bizim məşqçinin planı belə idi. Azərbaycanla görüşün iştirakçıları olanların hamısı üçün yüngül, bərpa prosesi xarakteri daşıyan məşq oldu. Oynamayanlar isə ikitərəfli matç keçirdi. Mən də onlarla birgə qaçdım”.

İkitərəfli görüşdə qapıçı yox, sahə oyunçusu kimi çıxış edən Akinfeyev biri penalti zərbəsindən olmaqla, iki qol vurub: “Bu gün ən çox yadımda qalan məşqdə hökm sürən yaxşı əhval-ruhiyyə idi. Azərbaycanla oyuna olan köklənmə Lixtenşteynlə görüş öncəsi də qorunub saxlanılır. Əgər oyunun keyfiyyətində də artırsaq, lap əla olacaq”.

Rusiya yığmasının kapitanı Sergey Semak isə milli komandamızla “Lujniki” stadionunda olan güclü azarkeşlər dəstəyinin həsrətindədir: “Heyf ki, Lixtenşteyndə belə dəstəyə malik olmayacağıq. Biz hamımız Azərbaycanla görüşü xatırlayırıq. Həmin matç bizdən çox güc aldı. Azərbaycanla görüşdən sonra oyunumuzda heç bir düzəliş lazım deyil, hər şey normaldır. Ola bilsin ki, hücumda parlaq oynamadıq. Əvəzində qapımızın toxunulmazlığını qoruyub saxladıq. Aydın məsələdir ki, Avro-2008-dən sonra azarkeşlər bizdən sadəcə qələbə yox, parlaq, baxımlı oyun gözləyir”.

Qeyd edək ki, ruslar Moskvada hazırlığını bitirib, günorta saatlarında Lixtenşteynə yollanıb.
0