Azərbaycan və Ermənistan yığmaları arasındakı fərq
30.03.2009 - 16:58
Azərbaycan və Ermənistan yığmaları arasındakı fərq
Azərbaycan yığması Rusiyanın futbol tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, milli komandamızla matç (0:2) Rusiya yığmasının tarixində ən çox tamaşaçı toplayan oyunlardan biri olub.

Martın 28-də “Lujniki” stadionunda keçirilən rəsmi oyunu 60 min azarkeş izləyib. Buna qədər Rusiyanın Ukrayna (09.10.1999, 1:1, Avropa çempionatının seçmə mərhələ oyunu, 84 min), İngiltərə (17.10.2007, 2:1, Avropa çempionatının seçmə mərhələ oyunu, 78 min), Yuqoslaviya (02.06.2001, 1:1, dünya çempionatının seçmə mərhələ oyunu, 65 min) ilə ev oyunlarında Azərbaycandan çox tamaşaçı gəlib.

Maraqlıdır ki, ruslar Ermənistanla rəsmi görüşünə bundan az azarkeş toplaya bilib. Rusiyanın bu ölkənin milli komandası ilə 1999-cu il sentyabrın 4-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Lujniki”də keçirdiyi matça (0:2) 50 min adam gəlib. Rusların hətta Avropa çempionu olan Yunanıstanla iki dəfə keçirdiyi iki rəsmi oyununa (45 və 41 min) da Azərbaycanla görüşdən az azarkeş izləyib.

Milli komandamızın baş məşqçisi Berti Foqts Moskvaya uzun fasilədən sonra gəlişi ilə öz əvvəlki göstəricisini yaxşılaşdırıb. Məsələ ondadır ki, alman mütəxəssis öz milli komandasını çalışdırdığı vaxtda, daha dəqiq desək, 1994-cü ilin sentyabrın 7-də Rusiya ilə elə “Lujniki”də görüşmüşdü. Almanların 1:0 hesablı qələbə qazandığı həmin yoldaşlıq oyununu stadiondan 50 min azarkeş seyr edib.
0