“Rəşad Sadıqov komandadan qaçanları görüb şoka düşmüşdü”
30.03.2009 - 18:00
“Rəşad Sadıqov komandadan qaçanları görüb şoka düşmüşdü”
“İndi hamının bəyəndiyi Rəşad Sadıqovun “Kocaelispor”a keçidi dövrələrarası deyil, mövsümlərarası fasilədə gerçəkləşməli idi. O vaxt mən və Bülənt Bölükbaşı belə bir futbolçunun komandamıza gətirilməsi məqsədilə klub prezidenti Serhan Gürkana müraciət etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Kocaelispor” klubunun kapitanı Sərdar Toprakdərə deyib.

Təcrübəli futbolçu Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun keçidində öz rolunun olduğunu açıqlayıb: “Gürkan bu transferlə məşğul olmaq üçün o vaxtkı baş məşqçimiz Engin İpekoğlu ilə danışmağımızı istədi. Çalışdırıcı bizimlə razılaşsa da, sonda heç nə etmədi. Rəşadın transferində maraqlı olmadığını görüb, başqa oyunçunu məsləhət gördüm. Amma dediyim özümə qaldı”.

“Beşiktaş”ın sabiq futbolçusu Sadıqovun “Kocaelispor”da çıxış etməsi üçün həmyerlimizə yalvarmağa da məcbur olub: “Birinci dövrədə uğursuz oyunlar keçirdik. Əksər oyunlarımızı son dəqiqələrdə buraxdığımız qollarla uduzduq. Qışda isə klub prezidenti və yeni baş məşqçimiz Erhan Altın əvvəldən planlarında olan futbolçuları təlim-məşq toplanışına dəvət etdi. Onda yenə də mən və Bülənt Rəşadın dəvət olunmasını israrla istədik. Gürkan “çağır, gəlsin” dedi. Sadıqov gəlib məşqlərimizə qatılsa da, klubdakı maddi durumu və komandadan qaçanları görüb şoka düşdü. Bundan sonra “Konyaspor”un düşərgəsinə yollandı. Yalvar-yaxar edib onu geri qayıtmağa razı saldım”.
0