Subaşiçin qol vurduğu qapıçı yığmadan qovuldu
30.03.2009 - 18:14
Subaşiçin qol vurduğu qapıçı yığmadan qovuldu
Polşa yığmasının baş məşqçisi Leo Beenhaker radikal islahatlara başlayıb. Apasport.az saytının məlumatına görə, holland mütəxəssis milli komandanın əsas qapıçısı Artur Borutsu heyətdən qovub. Buna səbəb qolkperin Şimali İrlandiya ilə səfərdə keçirilən son rəsmi oyunda buraxdığı səhvlərdir.

Beenhakerin fikrincə, Boruts ilk qolu rəqibə hədiyyə edib, üçüncü qolda milli komandanı “öldürüb”. İlk qolda mövqeyini yersiz tərk edən Artur 61-ci dəqiqədə komanda yoldaşı Mixael Jevlyakov ona ötürmə verərkən, topa ayağı ilə toxuna bilməyib. Nəticədə top qapıya daxil olub və Polşa yığması sonda 2:3 hesabı ilə uduzub. Borutsla söhbətləşən Beenhaker onun aprelin 1-də San Marino ilə keçiriləcək rəsmi oyunda iştirak etməyəcəyini bildirib. Qapıçının çıxış etdiyi Qlazqoya “Seltik” klubunun sərəncamına qayıtması qərara alınıb.

Qeyd edək ki, milli komandamızla son iki ev oyununda darmadağına imza atan (8:0 və 5:0) Polşa hazırda çətin günlərini yaşayır və qrupda 6 komanda arasında 5-ci yerdədir. Polşalıların milli komandamızla oyunlarda yeganə qolunu da məhz Boruts buraxıb. Milliləşdirilən serb hücumçu Branimir Subaşiç 2007-ci ilin iyununda Polşa ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən rəsmi oyunda (1:3) Arturun qoruduğu qapıya yol tapıb.
0