Zıryanov: Fanatlar Azərbaycanın qapısına 14 qol vuracağımıza ümid edirdilər
31.03.2009 - 10:21
Zıryanov: Fanatlar Azərbaycanın qapısına 14 qol vuracağımıza ümid edirdilər
“Bizdən daha baxımlı oyun gözləyən azarkeşlərimizi başa düşmək olar. Onlar uzun müddət idi ki, milli komandanın oyununu görmürdülər. Bu səbəbdən fanatlar Azərbaycan komandasının qapısına təxminən 14 qol vuracağımıza ümid edirdilər. Amma müasir futbolda belə hesaba rast gəlinmir. Artıq zəif rəqib qalmayıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya yığmasının futbolçusu Konstantin Zıryanov “Sport-Ekspress” qəzetinə müsahibəsində deyib.

32 yaşlı yarımmüdafiəçi bildirib ki, martın 28-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində “Lujniki” stadionunda Azərbaycan mili komandası üzərində qazanılan 2:0 hesablı qələbəni parlaq saymaq olmaz: “Həqiqətən də biz parlaq qələbə qazanmadıq. Demək olmaz ki, fasiləsiz hücumlar qurduq, sürətimizi azaltmadıq. Hər halda, qarşımıza qalib gəlmək məqsədi qoymuşduq və buna nail olduq”.

“Zenit” klubunun da şərəfini qoruyan Zıryanov yığmamızın qapısına vurduğu ikinci qol barədə danışıb. O, topu nəyə görə Fərhad Vəliyevin qoruduğu qapının uzaq küncünə göndərdiyini belə izah edib: “Qapıya zərbə vuracağımı hələ Pavlyuçenkodan ötürmə alanda dəqiqləşdirmişdim. Ancaq həmin an bir məsələni həll etməli idim: topu qapıçının ayaqları arasından tora göndərim, yoxsa uzaq küncə vurum? Topa sahib çıxanda, ikinci variantın əlverişli olduğunu anladım. Nəticədə hər şey yaxşı alındı. Hərçənd, sol ayağımla heç də tez-tez qol vurmuram”.

Konstantin vurğulayıb ki, sabah Lixtenşteynlə səfər matçı Azərbaycanla oyundan çətin keçəcək: “Ona görə ki, lixtenşteynlilərə qarşı səfərdə mübarizə aparacağıq. Biz gözəl futbola həmişə can atırıq. Amma indi elə dövrdür ki, milli komandamız necə olursa-olsun rəqiblərini məğlub etməlidir. İnanıram ki, Rusiya yığması dünya çempionatına vəsiqə qazanacaq. Və CAR-da göstərəcəyimiz oyun Azərbaycanla görüşdəkindən yaxşı mənada fərqlənəcək”.
0