Hiddink: Azərbaycan keyfiyyətli futbol oynamağı bacarır
31.03.2009 - 10:51
Hiddink: Azərbaycan keyfiyyətli futbol oynamağı bacarır
Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink Azərbaycanla rəsmi oyunu unuda bilmir. Apasport.az saytının məlumatına görə, 62 yaşlı mütəxəssis martın 28-də Moskvada “Lujniki” stadionunda keçirilən görüşün videoyazısını daha iki dəfə izləyib və özü üçün bəzi nəticələr çıxarıb.

“Əsas nəticə odur ki, biz heç də pis oynamadıq. Birincisi, Azərbaycan fikirləşdiyimiz kimi heç də zəif rəqib olmadı. Bu komanda görüşə çox yaxşı hazırlaşmışdı. Azərbaycan yığması göstərdi ki, keyfiyyətli futbol oynamağı bacarır. Biz isə rəqibə hücumda fəallıq nümayiş etdirməyə imkan vermədik” - deyə Hiddink vurğulayıb.

Növbəti görüşünü zəif yığmaya qarşı keçirəcək Rusiya sabah Lixtenşteynin qonağı olacaq. Hiddink qrup autsayderlərini müqayisə edib: “Azərbaycan kimi, Lixtenşteyn milli komandası dünyada elə də güclü deyil. Ancaq bizim növbəti rəqibimiz də müdafiədə mütəşəkkil oynaya bilir. Bu mənada şənbə günü Azərbaycanla oyunda olduğu vəziyyətə düşəcəyik. Bizə nə qədər çətin olacaq? Bu həmişə ondan asılıdır ki, biz nə qədər erkən qol vura biləcəyik. Adətən ilk qol belə komandaların müdafiəsini dağıdır”.

Ruslar milli komandamızın sıx müdafiəsini yarmağın elə də asan olmadığını görərək, Lixtenşteynlə görüşdə heyətdə dəyişiklər gözləyirlər. Ancaq holland mütəxəssis Azərbaycanla oyunla müqayisədə heyətdə ciddi dəyişiklər etmək fikrində deyil: “Növbəti rəqibimizin özəlliklərini nəzərə alsaq, heyətdə bir-iki dəyişiklik mümkündür. Əslində, şənbə günü keçirilən görüşdə yaxşı hücumlarımız elə də az olmadı. Əlbəttə, bizim hamımız daha bir neçə qol vurmaq istərdik. İstənilən halda, hesab edirəm ki, Azərbaycanla görüşdə oyunumuz alındı”.

Qeyd edək ki, Rusiya - Azərbaycan matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.
0