Cənab Foqts, bir dön Tuvaluya da bax! - STATİSTİKA
31.03.2009 - 12:30
Cənab Foqts, bir dön Tuvaluya da bax! - STATİSTİKA
Azərbaycan milli komandası dünyanın 181 ölkəsinin yığmasından geri qalır. Apasport.az saytının hesablamalarına görə, 2010-cu ildə CAR-da keçiriləcək dünya çempionatının seçmə mərhələsində mübarizə aparacaq 198 komandadan 181-i rəqib qapılarına heç olmasa, bir qol vura bilib. Keçirdiyi 4 görüşdə rəqib qapıçılarını məyus edə bilməyən Berti Foqtsun yetirmələri isə bunu bacarmayan 17 komandadan biridir.

Avropa qitəsində 53 komandadan biri olan Azərbaycan kimi, qol vurmayan daha iki yığma var. Bunlar Malta və Lixtenşteyndir.

Eyni sayda - 53 komandanın mübarizə aparmalı olduğu Afrikada 50 yığma çıxış edib. Belə ki, yalnız 50 komandanın göstəriciləri seçmə mərhələnin tarixinə düşüb. Buna iki komandanın imtinası, birinin isə cəzalandırılması səbəb olub. Onlar arasında isə qola həsrət qalanların sayı daha az – iki olub. “Qara qitə”də yalnız Somali və Qvineya-Bissau yığmaları millimiz kimi qol vura bilməyib.

Şimali və Mərkəzi Amerika ölkələrinin mübarizə apardığı KONKAKAF zonasında isə 35 yığma çıxış edir. Seçmə mərhələnin iştirakçılarından 5-nə qol vurmaq nəsib olmayıb. Aruba, Dominikan Respublikası, Nikaraqua, Virciniya adaları və Angilya milliləri CAR-a getmək məqsədilə bir qol da vurmayıb.

Asiya qitəsində 43 kollektiv dünya çempionatına qatılmaq arzusunda olsa da, onlardan dördü oyunlara başlamaqdan imtina edib. Yerdə qalanlardan isə yeddisi mübarizəni qol sevinci yaşamadan dayandırıb. Nepal, Şri-Lanka, Pakistan, Taypey, Myanma, Fələstin və Vyetnam yığmaları uğursuzluğa üzülməyə bilər. Axı bu qeyri futbol ölkələri Avropada da fərqlənə bilməyənlərin, o cümlədən Azərbaycanın olması ilə təsəlli tapa bilər.

Okeaniyanın 11, Cənubi Amerika zonasının 10 komandasının hamısı qol vura bilib. Ümumiyyətlə, kiçik ölkələr toplusu olan Okeaniyanın rekordçusu olan Fici bütün dünyanı arxada qoyub. Əhalisi Azərbaycandan az qala 8 dəfə az olan ada dövlətin yığması seçmə mərhələdə hamıdan çox – 36 qol vurub. Salvador 34, Özbəkistan isə 33 dəfə fərqlənib.
Hətta dünyanın ən kiçik ölkələri arasında 4-cü olan Tuvalu yığması da seçmə mərhələdə iki qol vurub. Ərazisi cəmi 25,9 kv km olan (Azərbaycandan 3331 dəfə kiçik) və 9 adadan ibarət okeaniyalılar onlardan kiçik olan Vatikan, Monako və Naurudan fərqli, seçmə mərhələdə iştirak edir.
0