Hans-Peter Zauq Azərbaycan yığmasının böyük hesabla uduzmasını istəyirmiş
31.03.2009 - 13:00
Hans-Peter Zauq Azərbaycan yığmasının böyük hesabla uduzmasını istəyirmiş
Lixtenşteyn milli komandasının baş məşqçisi Hans-Peter Zauq Rusiya - Azərbaycan matçının nəticəsindən narazı qalıb. Apasport.az saytının məlumatına görə, isveçrəli mütəxəssis rusların milli komandamızı böyük hesabla məğlub edəcəyini gözləyirmiş.

O, Rusiya mətbuatına açıqlamasında 2:0 hesablı qələbəyə inanmaq istəmədiyini büruzə verib: “Siz Azərbaycanı cəmi 2:0 hesabı ilə məğlub etdiniz? Bu da Rusiyalı ilə qarşıdakı oyunda əleyhimizə işləyəcək. Yəqin ki, ruslar topların fərqini daha da yaxşılaşdırmağa çalışacaqlar. Bir sözlə, yığmanızın Vadutsdakı oyunda döyüşkən əhval-ruhiyyədə olacağına şübhəm yoxdur. Heyətində çoxlu əla futbolçular olan Rusiya yığması, üstəlik yüz faizli motivasiya olunubsa, mənim tələbələrimi, mexaniklərimi, hüquqşünaslarımı nə gözləyir? Almaniya ilə səfərdə keçirdiyimiz son görüşdə dörd müdafiəçidən üçü həvəskar idi”.

Rusiyalı həmkarımız Lixtenşteynin çalışdırıcısına komandasının sabah meydana çıxmamağını - dərhal ağ bayraq qaldırıb, onlara 3 xal verməyi təklif edib. Təbii ki, Zauq bunu yaxın buraxmayıb: “Siz nə danışırsınız? Güclü rəqiblə oyuna çıxmaqdan imtina etmək? Heç vaxt! Əsas məqsədimiz özümüzü gülünc vəziyyətə qoymamaqdır. Bu, Almaniya ilə görüşdə alındı. Rusiya ilə matçda da layiqli oynamağa çalışacağıq. Əgər 0:4 hesabı ilə uduzduğumuz görüşdə yaxşı oyun göstərsək, niyə də bu, layiqli oyun olmasın? Aydın məsələdir ki, oyundan əvvəl “heç bir şansımız yoxdur” deyə bilmərəm. Ancaq əgər “uşaqlar, biz qələbə gələ bilərik” desəm, onlar belə fikirləşəcək: “bu, nə cəfəngiyat danışır?”. Əlbəttə, futbol gözlənilməz oyundur. Ancaq hər halda, öz imkanlarını və yerini bilmək lazımdır”.

Qeyd edək ki, milli komandamız Lixtenşteynlə ötən ilin sentyabrın 10-da Bakıda keçirilən rəsmi oyunda qolsuz heç-heçə edib. Hər iki komanda bu matçın nəticəsində hesabına 1 xal yazsa da, yığmamız “cırdan ölkə”ni topların daha yaxşı fərqinə görə qabaqlayır.
0