Terimlə Əmrə arasındakı qalmaqalın təfərrüatları
25.04.2009 - 13:49
Terimlə Əmrə arasındakı qalmaqalın təfərrüatları
Türkiyə yığmasında baş məşqçi Fatih Terimlə yarımmüdafiəçi Əmrə Bələzoğlu arasındakı münasibətlərin pozulmasının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, indiyədək münasibətləri ilə “ata-oğul” cütlüyü adlandırılan türk futbolunun məşhurları aprelin 1-də keçirilən Türkiyə - İspaniya oyunundan sonra bir-birindən incik düşüb.

Dünya çempionatını seçmə oyunundakı həmin məğlubiyyətdən sonra baş verənlər Terimlə Əmrə arasında narazılığın yaranmasına səbəb olub. Belə ki, “Əli Sami Yen” stadionunda keçirilən və qonaqların 2:1 hesablı qələbəsi ilə bitən matçdan sonra Terim paltardəyişmə otağına girərək, futbolçulara təşəkkür edib. Ardınca isə onları göstərdiyi oyuna görə tənqid etməyə başlayıb. Bu zaman o gözləmədiyi halda, Əmrədən sərt cavab alıb. Nahat Kahveçiyə “Özünü İspaniyanın kralı sayırsan?”, Tuncay Şanlıya isə “İspaniya yığmasını məhəllə komandası sayırdın?” kimi suallar verən mütəxəssis Əmrəyə konsentrasiyasının yerində olmadığını bildirib. Yarımmüdafiəçi isə əhvalını pozmadan Terimi yerində oturdub: “Hocam, yəqin siz başqa matçı izləmisiniz”.

Terimin futbolçusuna “sənin gördüyün məşqçilərdən deyiləm, məni onlarla səhv salma” deməsindən sonra aranın sakitləşəcəyi gözlənsə də, bu, baş verməyib. “Mən də sən bildiyin futbolçulardan deyiləm” - deyən Əmrə çaşqınlığından susan baş məşqçinin cavabını gözləməyib otağı tərk edib.
0