Xodukin: Heç kəsə ümidim yoxdur, nə bədbinəm, nə də nikbin - MÜSAHİBƏ
27.04.2009 - 17:46
Xodukin: Heç kəsə ümidim yoxdur, nə bədbinəm, nə də nikbin - MÜSAHİBƏ
Bakının “İnter” klubunun ukraynalı baş məşqçisi Valentin Xodukinin apasport.az saytına müsahibəsi

- Premyer Liqanın axırıncı iki turunda vacib xal itkilərindən sonra özünüzü necə hiss edirsiniz?
- Bilmirəm.

- Belə uğursuz nəticələri tez unuda bilirsinizmi?
- Axı, hər gün eyni şey haqda fikirləşmək olmaz. Dünən yox, sabah haqda düşünmək lazımdır.

- Elə isə sabah nə olacaq?
- “Qəbələ” ilə ölkə kuboku uğrunda ilk yarımfinal oyunumuz, sonra “Qarabağ”la Premyer Liqada səfər matçı, daha sonra “Qəbələ” ilə cavab görüşümüz. Çempionatın axırıncı iki turunda isə “Karvan” və “Bakılı” ilə görüşəcəyik. Hər gün bu oyunlar haqda düşünmək lazımdır.

- Son turda oyunlarınız 2:2 hesabı ilə nəticələnir. Ssenari oxşar idi, amma rollar fərqli. Bu təsadüfdür, yoxsa? Ümumiyyətlə, komandada nə baş verir?
- Bu haqda çox danışmaq, baş verənləri şərh etmək istəmirəm. Futbolda belə şeylər olur, nə edəsən. Yetər, mən artıq hər şeyi demişəm.

- Hər halda, mövsümün sonunda iki matçda itirdiyiniz 4 xal qızıla bərabərdir...
- Nə etmək olar? Axı, mən bu xalları itirmək istəmirdim.

- Artıq “Bakı” sizi haqlayıb. Cəmi 1 xal fərqiniz var. Bu, sizi narahat etmir?
- Bu, futboldur. Necə olacaq, elə də olacaq.

- Çempionluq uğrunda rəqabətin qalması yaxşı haldırmı?
- Kimin üçünsə yaxşıdır, kimin üçünsə pis. Kimsə buna görə sevinə bilər. Belə hal azarkeşlər üçün maraqlıdır.

- Bəs sizin komandanız üçün necə?
- Qeyri-qənaətbəxş hal odur ki, evdə xal itirdik. Bu məqam təəssüf doğurur. Ancaq digər tərəfdən rəqiblərimiz heç də zəif deyildi. Vəziyyəti təhlil etdim və deyə bilərəm ki, cari mövsümdə “Xəzər-Lənkəran”dan güclü komanda ilə görüşməmişik. Rəqiblərimiz arasında “Xəzər-Lənkəran”dan güclüsü yoxdur.

- Hətta ən yaxın izləyiciniz, sizi cari mövsümdə məğlub edən yeganə komanda olan “Bakı” da?
- “Bakı” bu komanda ilə müqayisə olunmazdır.

- Niyə?
- Çünki “Xəzər-Lənkəran” sadəcə, güclüdür.

- Buna görə Azərbaycanda ən etibarlı müdafiəyə malik klublardan biri olan “İnter” “Xəzər-Lənkəran”la oyunda hesabda 2:0 irəlidə olduğu vaxt 3 dəqiqəyə iki top buraxır?
- Futbolda qollar vurular da, buraxılır da. Bundan heç kim sığortalanmayıb. Uşaq səhvləri də olur, taktiki səhvlər də. Futbol bütün bunlarla gözlənilməz və maraqlıdır. Necə alınmalı idisə, elə də oldu.

- Ancaq istənilən halda, hər şey öz əlinizdədir...
- Sözsüz. Tale bizə çempionluq vəzifəsini özümüzün həll etməsinə şans saxladı. Heç kəsdən nəsə xahiş etməməliyik. Qarşımızda duran vəzifəni özümüz yerinə yetirməliyik.

- Növbəti turda Ağdamda “Qarabağ”ı məğlub etsəniz, çempionluğu demək olar, təmin edəcəksiniz. Çünki axırıncı ikinci turda “Karvan” və “Bakılı” ilə Bakıdakı görüşlərdə xal itkisi real görünmür.
- Ola bilsin ki, siz hansısa mənada düz deyirsiniz.

- Ancaq buna qədər bütün ümidlərini ölkə kubokuna bağlayan “Qəbələ” ilə çətin sınağınız olacaq. Rəqibiniz son turda “Bakı” ilə ev oyununu izləyə bilmisinizmi?
- Bu görüşü şərh etmək istəmirəm.

- Son uğursuzluqların ardından komandanı “Qəbələ” ilə matça necə hazırlaşdırmağı düşünürsünüz?
- Artıq görüşün hazırlığına başlamışıq. Həm onların, həm də bizim futbolçuları bərpa etməyə çox qısa vaxtımız var. Bu mənada “Qəbələ” çətinlik hiss edəcək. Elə bizim də müəyyən çətinliyimiz var. Çox ağır oyunlar olacaq. Fikir verin, aprelin 25-də oynamışıq, indi 29-da meydana çıxacağıq. Sonrakı qarşılaşmalarımız mayın 3-də, 6-da və 9-da baş tutacaq. Yəni 3 gündən bir oynamalı olursan. Mövsümün əvvəlində isə matçlar arasında fərq bəzən 10-12 gün olurdu. Təqvimin belə ritmi mövsümün sonunda bir az gərginlik yaradır.

- Təqvimdən söz düşmüşkən, qarşıdakı turda “Bakı” “Simurq”la ev oyununu şənbə günü keçirəcək, Ağdamdakı görüşünüz isə bazar günü gerçəkləşəcək. Yəni, “Bakı” xal itirsə, işiniz asanlaşacaq, gərginlik olmayacaq və “Qarabağ”la oyuna rahat çıxacaqsınız...
- Öz xoşbəxtliyimi başqasının bədbəxtliyi üzərində qurmuram.

- Bəs yaxşı tanıdığınız “Simurq”un “Bakı”nı büdrədəcəyinə ümid bəsləyirsinizmi?
- Heç kəsə ümid bəsləmirəm. Mən nə bədbinəm, nə də nikbin. Mən realistəm.

- Və proqnoz verməyi də xoşlamırsınız...
- Qətiyyən xoşlamıram. Heç vaxt proqnoz verməyi sevməmişəm və totalizator oyunlarda iştirak etməmişəm. Oyunlara əvvəlcədən proqnoz vermirəm və bunu bacarmıram da.

- Necə hesab edirsiniz, “Simurq” cari mövsümdə “boyundan yuxarı tullana biləcək”? Bu komanda mövsümü mükafatçılar sırasında başa vurmağı bacaracaqmı?
- Bilmirəm. Bu haqda danışmaq istəmirəm.
0