“Məmmədov İran yığmasında oynasaydı...”
28.04.2009 - 17:05
“Məmmədov İran yığmasında oynasaydı...”
“Qəbələ” klubunun iranlı hücumçusu Fərzad Hatəminin apasport.az saytına müsahibəsi

- Komandanız cari mövsümdə bütün ümidlərini ölkə kubokuna bağlayıb. Əsas heyətin futbolçularından biri kimi, sabah “İnter”lə kubok oyunu haqda nə düşünürsünüz?
- Çox çətin olacaq. Rəqibin oyunlarına çox baxmışam. Deyə bilərəm ki, güclü komandadır. Bununla belə, komandamızı onlardan zəif saymıram. Futbolçularımızın hazırlıq səviyyəsinə nəzər yetirib, belə deyirəm. Son turda “Bakı” ilə görüşdə bir epizodda diqqətsiz oynadıq və qapımızdan qol buraxdıq. Bununla belə, ikinci dövrədə yaxşı oynayırıq, komandamız çox dəyişib. Yeni gələn futbolçular “Qəbələ”yə çox kömək edirlər.

- Elə siz də ikinci dövrədə yaxşı oynayırsınız. Qollarınızın çoxunu bu il vurmusunuz. Qışda komandaya yenidən qayıdandan sonra inamlı təsir bağışlayırsınız. Bunu nə ilə izah edərsiniz?
- İlk dövrədə baş məşqçi mənə əsas heyətdə lazımınca şans vermirdi. Daha çox sonradan meydana çıxırdım. Bir də ki, 8 görüşdə zədəli oynadım. Bu oyunlarda da 20-30 dəqiqə çıxış edirdim. İlk dövrədə yalnız 3 oyunda əsas heyətdə yer aldım, vəssalam. Yadımdadır, elə “İnter”lə 1:1 hesabı ilə nəticələnən görüşdə, “Bakılı” ilə ev oyununda start heyətində meydana çıxdım. Bir də “Karvan”la səfərdəki matçda oynadım, onda da halım yaxşı deyildi. Səkkiz görüşdə isə “Qəbələ” üçün zədəli ayaqla oynadım. İkinci dövrədə mənə əsas heyətdə daha çox şans verdilər. Allaha şükür, pis də oynamamışam. Baş məşqçinin etimadını doğrultmuşam. İnşallah, sabah da öz sözümü deməyə çalışacağam.

- Necə fikirləşirsiniz, “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov ikinci dövrədə sizə nəyə görə daha çox güvəndi?
- Azərbaycana gələnədək Tehranda bir komandada oynayırdım. Mənim kimi gənc futbolçu bir ölkədən başqasına gələndə əvvəl uyğunlaşma prosesi keçir. Vaxt keçdikcə, vəziyyət düzəlir. İranda yaxşı oynayırdım. Orada komanda yoldaşlarım arasında ən kiçiyi məndən 9 yaş böyük idi. Ramiz Məmmədov da bunu bilirdi. Amma ilk dövrədə məni oynatmamağının səbəbini bilmirəm.

- “İnter”lə ilk oyunda qarşınıza hansı məqsəd qoymusunuz?
- Biz gərək finala çıxmaq işini elə Bakıda yerinə yetirək. Cavab görüşünü evdə keçirsək də, Qəbələdə meydançanın ot örtüyü ilə bağlı problem var.

- “Şəfa”nın ot örtüyü sintetik olsa da, qazon hamardır. Yəni, sizin kimi hücumçuya belə meydançada oynamaq rahatdır?
- Süni örtükdə oynaya bilmirəm (gülür). İranda təbii ot örtüyündə oynamağa adət etmişdim. Gəldim bura, süni meydançaya uyğunlaşmalı oldum. Süni meydança futbolçunun sürətini azaldır. “İnter”in bizdən üstünlüyü odur ki, elə meydançada məşq edirlər, oynayırlar. Onlar buna adət ediblər. Biz neçə matçdır palçığın içində oynayırıq.

- Ancaq maraqlısı odur ki, əksər qollarınızı elə “Şəfa” stadionuna vurmusunuz. Belə çıxır ki, bura sizin üçün düşərlidir?
- Düzdür. Açığı, bunun səbəbini bilmirəm. Düz meydançada yalnız “Şəfa”da oynamışam. Süni meydançada yaxşı oynamasam da, hamar olması yaxşıdır. Hə, bir də “Qarabağ”la səfər matçında düz meydançada oynadım. Başqasını görmədim.

- Adətən kubok matçında səfərdə vurulan top böyük üstünlük sayılır. Bir hücumçu kimi, azarkeşlərinizə “İnter”ə də qol vurmağa söz verə bilərsinizmi?
- İnşallah, bunun üçün gücümü qoyaram. Dediyim kimi, “İnter”in işini elə Bakıda bitirməliyik. Daha məsələni Qəbələyə saxlamayaq. Səfərdə heç-heçə etsək, bu, bizim üçün heç də yaxşı deyil. Qəbələdə oyunun necə alınacağı bilinmir. Bir də görürsən, cərimə zərbəsindən sonra top sıçrayaraq, gəlib qapıya girir. Orada meydançanın vəziyyətinə görə ötürmə ilə oynamaq olmur. Orada adam istədiyimi kimi oynaya bilmir. Bu, hücumçu üçün çox pisdir. Amma müdafiəçilər üçün Qəbələ stadionu çox əladır. Çünki müdafiə topu qəbul edən kimi vur qabağı, hücumçu isə topla irəliləməlidir.

- “İnter” – “Qəbələ” cütündə şansları necə dəyərləndirərsiniz?
- İranda belədir ki, komandalar bütün kubokları qazanmaq istəyir. Yəni, çempionatda birinci gedən digər turnirlərdə də qalib gəlməyi arzulayır. Bilmirəm, Azərbaycanda da belədir, ya yox. Buna diqqət etməmişəm.

- Bizdə də komandalar iştirak etdikləri hər turniri qazanmaq istəyir. Sadəcə, çempionluğa oynayanların kuboku arxa plana keçirməsi halları da olur...
- İstənilən halda, rəqibimiz “İnter”dir. Komanda hazırda liderdir, son Azərbaycan çempionudur.

- “İnter”i keçəcəyinizə daxilinizdə əminlik varmı? Mətbuatda belə fikir söyləmişdiniz ki, bu komandanı yüz faiz keçərik...
- Mən demişəm ki, keçərik. Ancaq həyatda heç nə yüz faiz deyil. Biz gücümüzü yüz faiz qoyarıq və inşallah, “İnter”i keçərik.

- Ötən il Berti Foqts sizi Azərbaycan milli komandasına dəvət etsə də, bunu qəbul etmədiniz. Bu il inamlı oyununuzdan sonra yenə təklif almamısınız?
- Heç bir xəbər gəlməyib.

- Bu məsələni artıq bitmiş sayırsınız? Yoxsa təklif gəlsə, bunu nəzərdən keçirərsiniz?
- Berti Foqts kimi tanınan, güclü mütəxəssisin rəhbərliyi altında oynamaq mənim üçün böyük fəxrdir. Fəxr edirəm ki, Foqtsun məndən xoşu gəlir, mənə dəvət göndərir. Azərbaycanlıyam, damarımdan Azərbaycan qanı axır. Amma özünüz də bilirsiniz ki, İranda belə şeylərə görə çox problem olur. Vahid Haşemiyanı Almaniya milli komandasına çağırdılar, getmədi. Dəvəti qəbul edərdim. Ancaq istəmirəm ki, İranda başqa yığmanı qəbul edən birinci futbolçu olum. Orada belə şeylərə çox pis baxırlar. İranda pis cəhətdən birinci olmaq istəmirəm. Misal üçün, Ramiz Məmmədov İranda oynadı. Bu ölkənin milli komandasında çıxış etmək təklifini qəbul etsəydi, Azərbaycanda onun haqda nə fikirləşərdilər? Bu məsələni bağlamışıq və milli komandanızda oynamadığıma görə Azərbaycan xalqından üzr istəmişəm.

- Əslən Cənubi Azərbaycandan olan Əli Daei ilə şəxsən tanışsınızmı?
- Bəli. Daei İranda “Saypa” klubunda forma geyinəndə, mən Superliqada çıxış etmirdim. Həmin vaxt öz yaşıdlarımın liqasında top qovurdum. Daei “Saypa”nın baş məşqçisi olanda həmin komandanın heyətində iki görüşdə hücum xəttində çıxış etdim. Bu həm ev, həm də səfər oyunu idi.

- Daeinin İran yığmasının baş məşqçi postundan istefaya göndərilməsi sizin üçün gözlənilməz oldu?
- Onun dövründə yığma zəif nəticə göstərdi. Milli komandaya baş məşqçi postuna kimin təyin edilməsi yox, dünya çempionatının final mərhələsinə çıxmağı düşünürük.

- İran milli komandasından dəvət gözləyirsinizmi?
- Məni indi İran yığmasına çağırmazlar. Milli komandamızın hücumçuları İspaniyanın “Osasuna”, Almaniyanın “Bohum” klubunda oynayırlar. İran yığmasında gənc hücumçu çox az oynaya bilər. Hücumçuları yaşlıdırlar. Gərək yaşın 27-28-i keçsin ki, səni dəvət etsinlər.

- “Qəbələ” ilə müqaviləniz cari mövsümün sonunda bitir?
- Bəli.

- Gələcək karyeranız haqda nə fikirləşirsiniz?
- “Qəbələ” ilə mayın sonuna qədər müqaviləm var. Sonrasına baxarıq.

- İlk dövrədə “Qəbələ”də oynadığınız zaman Bakıda kirayədə qaldığınız evin açarını yiyəsinə verməmişdiniz...
- Bu problemi həll etdik. Mən qışda İrana gedəndə həmin evin açarını dostuma vermişdim ki, aparıb sahibinə versin. Amma aparmamışdı və evin sahibi narahat olmuşdu.

- Həmin dostunuz futbolçudur?
- Yox.

- İndi harada kirayədə qalırsınız?
- Heç yerdə. Qəbələdə oteldə qalıram.

- Niyə daha Bakıda qalmırsınız?
- Qəbələdə qalmaq mənim üçün daha rahatdır. Oyundan sonra Bakıya getməyib, burada oteldə qalıram.
0