Fərhad Vəliyev: Berti Foqts mənə deyir ki... MÜSAHİBƏ
28.04.2009 - 18:02
Fərhad Vəliyev: Berti Foqts mənə deyir ki...  MÜSAHİBƏ
Ağdamın “Qarabağ” klubunun və Azərbaycan yığmasının qapıçısı Fərhad Vəliyevin apasport.az saytına müsahibəsi

- “Bakı” ilə sabahkı kubok oyununa necə hazırlaşırsınız?
- Yaxşı. Meydana yalnız qələbə qazanmaq üçün çıxacağıq.

- Nəzərə alaq ki, rəqibiniz güclüdür və cari mövsümdə hər iki oyunda komandanızı 2:0 hesabı ilə məğlub edib. Çempionluğa iddialı “Bakı”nı səfərdə yenə bilərsinizmi?
- Əlbəttə ki, çətin rəqib olduğunu bilirik. Bu komandanın oyunlarını izləyirik, təhlil edirik. Keçmiş səhvlərimizi təkrarlamamaq üçün əlimizdən gələni edəcəyik. “Bakı”ya çempionatda hər iki oyunda uduzsaq da, səhvlərimizdən nəticə çıxarıb, qələbə qazanmaq istəyirik.

- Keçmiş səhvlərdən söz düşəndə istər-istəməz sizin səhvlər yada düşür. “Bakı” ilə hər iki görüşdə buraxdığınız səhvlər nəticəsində hesab açıldı...
- Doğrudur. Həmin uğursuz oyunları xatırlayıram. Bu görüşlərdə kobud səhvlərimdən sonra “Bakı” qol vurdu. Həmin epizodları özüm üçün təhlil edirəm. “Bakı”da güclü zərbələr vuran yaxşı futbolçular var. Onlar mövqedən asılı olmayaraq, qapıya dəqiq zərbə vura bilirlər. Mən də özümü hər bir epizoda, zərbəyə hazırlayıram. Yəni, istəyirəm ki, əvvəlki səhvləri buraxmayım. Həmişə səhvlərim üzərində çalışıram.

- Hər iki qolda gürcü yarımmüdafiəçi Amiran Mucirinin zərbələrindən sonra səhvə yol verdiniz. Rəqibin heyətində sizin üçün ən arzuolunmaz, təhlükəli Muciridir?
- Yox. Düzdür, Muciri güclü, təcrübəli futbolçu olsa da, mənim üçün elə də təhlükəli deyil. Əslində, ilk dövrədəki oyunda Amiran qapıya zərbə vurmamış, hava ötürməsi etmişdi. Sadəcə, səhvimdən sonra top qapımızdan keçdi.

- “Bakı”da hansı futbolçuları qeyd edə bilərsiniz?
- Təcrübəli futbolçuları var. Muciri ilə yanaşı, braziliyalılar Fabio Luis Ramimlə Vilyam Roşa, argentinalı Fernando Peresi qeyd etmək olar. Onlar yaxşı oyunçulardır. “Bakı”nın bütün futbolçularına qarşı hər an hazır olmaq lazımdır.

- Sabahkı oyunda ilk növbədə nəyə diqqət yetirməlisiniz?
- Bunu komandamızın baş məşqçisi deyəcək. İnşallah, biz də onun dediklərini əməl etməyə çalışacağıq.

- Hər halda, kubokda qalib iki oyuna görə müəyyənləşir. Qələbə əzmini nəzərə alsaq, səfərdəki oyunda heç-heçə sizi qane etmir?
- Ağdamdakı cavab görüşünə qədər Bakıdakı oyunda heç-heçə bizim üçün yaxşı nailiyyət ola bilər. Təbii ki, səfərdə qol vurmaq bizim üçün daha yaxşı olar. Kubokda rəqib meydanında qol vurmaq üstünlükdür.

- Cari mövsümün sonunda qarşınızda duran əsas məqsəd nədir?
- Ən əsas məqsəd ölkə kubokunu qazanmaqdır. Kuboku götürmək istəyirik. Premyer Liqada da maksimum xal yığıb, mövqeyimiz daha da yaxşılaşmaqdır.

- Növbəti turda Ağdamda “İnter”lə görüşəcəksiniz. Çoxları gözləyir ki, lideri büdrədən məhz “Qarabağ” olacaq. Bəs iki il “İnter”də çıxış etmiş Fərhad Vəliyev bu haqda nə düşünür?
- Bu, Ağdamda uzun müddətdən sonra ilk oyun olacaq. Orada çoxlu azarkeş bizi dəstəkləyəcək. İnşallah, həm bu dəstəklə, həm də oyunumuzla qələbə qazanmaq istəyirik. Bu, təkcə “İnter”lə yox, “Bakı” ilə cavab oyunu və “Xəzər-Lənkəran”la görüşlərdir. Ağdamda keçiriləcək bu matçlarda meydanı qalib tərk etməyə çalışacağıq.

- Milli komandada işləriniz necə gedir?
- Hər şey yaxşıdır. Allaha şükür, zədəli deyiləm, heç bir problem yoxdur. Həm kluba, həm də milliyə də bütün gücümüzü verəcəyik.

- Rusiya yığması ilə Moskvada uğursuz oyununu unuda bilmisinizmi?
- Əlbəttə. Dediyim kimi, özüm təhlil edib, nəticə çıxartmışam. Rusiya ilə oyun arxada qaldı. Qabağa baxmaq lazımdır.

- Belə deyirlər ki, qapıçı komandanın yarısıdır və onun bir səhvi oyuna təsir edə bilər. Sizin kimi təcrübəli qapıçının belə səhvlər buraxması nə ilə bağlıdır?
- Bu səhvləri fikirləşirəm və heç özüm də bilmirəm ki, nədən olur. Futboldur, olur da səhvlər. Yaxşılığa doğru getmək üçün bunu unutmağa çalışıram.

- Milli komandamızın baş məşqçisi Berti Foqtsla şəxsən sizinlə söhbətləşirmi, dəstək verirmi?
- Əlbəttə. Foqts da, millidə qapıçılarla işləyən Uli Ştayn da söhbət ediblər. Onlar mənə deyirlər ki, bu oyundur, səhv olur, təhlil et və unut getsin. Tövsiyə edirlər ki, qabağa bax və bu səhvləri təkrarlamamağa çalış.
0