Fatih Terim Azərbaycanla oyuna necə çıxmaq istəyir?
28.04.2009 - 23:00
Fatih Terim Azərbaycanla oyuna necə çıxmaq istəyir?
İyunun 2-də Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirəcək Türkiyə yığmasının baş məşqçisi Fatih Terim yeni tələblə çıxış edəcək. Apasport.az saytının məlumatına görə, 56 yaşlı mütəxəssis komandamızla oyuna yeni statusda çıxmaq istəyir.

O, Türkiyə Futbol Federasiyasının (TFF) qarşısında iki komandada çalışmaq tələbini qoyacaq. Terim mayda TFF-nin prezident Mahmud Özgenerlə görüşməyə qərar verərək, yığma ilə yanaşı, klubda da çalışmaq tələbini bir daha təkrarlayacaq. Bu məsələyə yaxşı baxmadığını dəfələrlə bildirən Özgenerin verəcəyi qərar Terimin milli komandada işini davam etdirib-etdirməyəcəyinə aydınlıq gətirəcək.

İspaniyanın “Sevilya”, Yunanıstanın “Olimpiakos” və İtaliyanın “Latsio” klubları “İmperator” ləqəbli türk mütəxəssisi baş məşqçi postunda görmək istəyir. Yenidən Avropada çalışmağı arzulayan Terimə bu üç klubdan təklif gəlib. Onlar arasında həm maddi vəziyyətinə, həm də statusuna görə “Latsio” öndə durur.

Qeyd edək ki, Türkiyə - Azərbaycan oyununun Kayseri şəhərində yeni stadionda keçirilməsi planlaşdırılır.
0