Bakıya gəlmiş qapıçı tarixə düşdü
29.04.2009 - 10:09
Bakıya gəlmiş qapıçı tarixə düşdü
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli çempionatlarda ən uzun müddətə qol buraxmayan qapıçıların yeni siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə martın 6-da açıqlanmış cədvələ daha üç qapıçı daxil olub.

Geridə qalan 54 gün ərzində Serbiya, Peru və Argentinada qeydə alınan nəticələr ən yaxşılar sırasına əlavə edilib. Belə ki, həmin qapıçılardan birinin seriyası qırıldığından onun göstəricisi rəsmiləşibsə, digərlərinin nəticələri araşdırmalar sayəsində üzə çıxıb.

Onlardan biri Serbiyanın “Partizan” klubunun çernoqoriyalı futbolçusu Mladen Bojoviç “1000” həddinə yaxınlaşmaq arzusunda olsa da, “916”-da dayanmalı olub. Çempionlar Liqasının ikinci təsnifat mərhələsində baş tutan hər iki oyunda Bakının “İnter” klubuna qarşı oynamış qapıçı 76-cı pillədə qərarlaşıb. Qeyd olunan matçlarda bakılıların bolqarıstanlı legioneri Petar Zlatinovun Mladeni məyus etməyi bacarıb.

Perulu Santos Bojorqesin seriyası isə 787 dəqiqə davam edib. “Koronel” klubunun futbolçusu sıralamada 166-cı yerə sahib çıxmaqla, 7 qapıçımızı arxada qoyub. Ondan 120 dəqiqə az qapısının toxunulmazlığını qorumuş Aqustun Sezar Kexas isə 406-cı yerə sahib çıxıb. Argentinalı bu nəticəyə yerli “Rasinq”in heyətində imza atıb. Perulunun 24, argentinalının isə 41 il əvvəl imza atdığı rekordun indi rəsmiləşməsinə səbəb həmin çempionatlarla bağlı statistikada boşluqların qalması ilə bağlıdır.

Ümumilikdə isə “660” səddini keçən futbolçuların yer aldığı siyahıda futbol tarixi ərzində qapıçıların göstərdiyi 421 nəticə yer alıb. Bura daxil olanlardan 46-sı 1000 dəqiqə həddini aşa bilib. Braziliyalı Geraldo Pereyra de Matos Filyonun 31 illik rekordunu hələ də qıran olmadığından, “Vasko da Qama”nın sabiq qapıçısı birinci yerdədir – 1816 dəqiqə. Üçüncü olan belçikalı Danni Verlinden (1390) isə Avropa rekordçusudur.

İlk “onluq”

1. Geraldo Pereyra de Matos Filyo "Mazaropi (“Vasko da Qama”, Braziliya) – 1816
2. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1442
3. Dani Verlinden (“Brügge”, Belçika) - 1390
4. Joze Mariya Buljubasiç (“Universidad Katolika”, Argentina) - 1352
5. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1325
6. Edvin van der Sar (“Mançester Yunayted”, İngiltərə) – 1311
7. Əssam Əl-Hadari (“Nasyonal”, Misir) – 1288
8. Abel Resino Gomes (“Atletiko”, İspaniya) – 1275
9. Qaetan Huar (“Bordo”, Fransa) – 1266
10. Armelino Donizete Quagliano „Zetti“ (“Palmeyras”, Braziliya) – 1242

İFFHS-in siyahısında Azərbaycan Premyer Liqasında qeydə alınan 13 göstərici də var. Onlardan 10-u yerli, 3-ü əcnəbi qapıçıların hesabındadır. Lakin bu nəticələrdən yalnız 4-ü ilk “100-lüy”ə daxil olur. Azərbaycan Premyer Liqasının rekordçusu Nizami Sadıqov isə 54 gün əvvəl olduğu kimi, yenə 22-ci sırada qərarlaşıb. Azərbaycan futbolunun daha bir yetirməsi Kiyevin “Dinamo” klubunda 1100 dəqiqə qol buraxmayan Yuri Romenskinin seriyası isə 24-cüdür.

Premyer Liqanın İFFHS-dəki təmsilçiləri

22. Nizami Sadıqov (“Turan”) – 1106
51. Xalidu Sissoko (“Bakı”) – 985
54. Xalidu Sissoko (“Bakı”) - 971
57. Camaləddin Əliyev (“Qarabağ”) – 958
65. Elxan Həsənov (“Neftçi”) – 943
151. Dmitri Kramarenko (“Karvan”) – 798
184. Dmitri Kramarenko (“Neftçi”) – 772
221. Rauf Mehdiyev (“Olimpik”) – 746
224. Elşən Poladov (“Bakı”) – 744
227. Nadir Şükürov (“Dinamo”) – 741
243. Aleksandr Martyoşkin (“Xəzər-Lənkəran”) - 735
322. Camaləddin Əliyev (“Qarabağ”) – 700
379. Rauf Mehdiyev (“Olimpik”) – 676
0