Sabah UEFA kubokunda yarımfinal oyunlarına start veriləcək
29.04.2009 - 10:30
Sabah UEFA kubokunda yarımfinal oyunlarına start veriləcək
Sabah UEFA kubokunda yarımfinal oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, turnirin bu mərhələsində bir-birinə yaxşı tanış olan, eyni ölkənin çempionatında çıxış edən komandalar görüşəcəklər. Söhbət Ukraynanın “Dinamo” və “Şaxtyor”, həmçinin Almaniyanın “Verder” və “Hamburq” klublarından gedir.

İlk yarımfinal oyunlarında qonaq komandaların meydan sahibləri ilə haqq-hesabı var. Məsələ burasındadır ki, ölkə çempionluğunun bir addımlığında olan “Dinamo” artıq bu həftəsonu keçiriləcək matçda qızıl medal qazanmasını rəsmiləşdirə bilər. “Verder” isə Almaniya kubokunun yarımfinalında “Hamburq”a oyunsonrası penaltilər seriyasında qalib gələrək, finala çıxıb. İndi “Şaxtyor” rəqibindən çempionluğun, “Hamburq” ilə kubokun əvəzini çıxmağa çalışacaq.

Kiyevdəki görüşdə bizə tanış olan futbolçular, vaxtilə Ağdamın “Qarabağ” klubunda çıxış etmiş, hazırda Ukrayna milli komandasının şərəfin qoruyan yarımmüdafiəçi Sergey Kravçenko və soydaşımız Aleksandr Əliyev iştirak edəcəklər. Hər iki orta sahə oyunçusu “Dinamo”nun formasını geyinir.

“Dinamo” - “Şaxtyor” görüşünə təyinat alan avstriyalı ehtiyat hakim Ştefan Messnerlə gürcüstanlı UEFA nümayəndəsi David Petriaşvili də vaxtilə ölkəmizə baş çəkiblər. Lənkəran, İmişli və digər bölgələrimizdə olan Petriaşvili oradakı stadionların UEFA-nın tələblərinə nə dərəcədə cavab verməsini nəzərdən keçirib. Messner isə ötən mövsüm Premyer Liqa oyunumuzda baş hakim olub. XXIV tur çərçivəsində mayın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Neftçi” - “Xəzər-Lənkəran” (0:1) matçının idarə etmiş avstriyalı FİFA hakimi meydan sahiblərindən 5, qonaqlardan 3 futbolçuya sarı vərəqə göstərib.

“Neftçi”dən sarı vərəqə alanların hamısı - Rəşad Sadiqov, Elnur Allahverdiyev, Ramin Quliyev, Ramal Hüseynov və Aleksandr Çertoqanov artıq komandanın sıralarında deyil. Messner “Xəzər-Lənkəran”dan Dmitri Kramarenko, Ceyhun Sultanov və cari mövsümdən “Olimpik”də çıxış edən Mahir Şükürova sarı vərəqə göstərib. Ən böyük cəzaya isə hazırda da “Neftçi”nin kapitanı olan Zaur Tağızadə məruz qalıb. Belə ki, Messner görüşün 35-ci dəqiqəsində Tağızadəyə rəqibə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə göstərərək, onu meydandan çıxarıb.

30 aprel

21:30. “Dinamo” (Kiyev, Ukrayna) – “Şaxtyor” (Ukrayna)

Baş hakim: Konrad Plauts (Avstriya)

23:45. “Verder” (Almaniya) – “Hamburq” (Almaniya)
Baş hakim: Hovard Uebb (İngiltərə)

Xatırladaq ki, Ukrayna təmsilçiləri indiyədək UEFA kubokunun yarımfinalında qüvvələrini sınamayıblar.
0