Ronaldonu izləyirlər
08.05.2009 - 14:50
Ronaldonu izləyirlər
Dünya çempionatları tarixinin ən məhsuldar hücumçusu Ronaldo yenidən Braziliya yığmasına qayıtmağa yaxındır. Apasport.az saytının məlumatına görə, karyerasını yerli “Korintians” klubunda davam etdirən 33 yaşlı hücumçu üç illik fasilədən sonra yenidən milliyə dəvət oluna bilər.

1994 və 2002-ci illərdə dünya çempionu olan və gələn il üçüncü dəfə bu titulu qazanmaqla Peleyə məxsus rekordu təkrarlamaq istəyən “Yekədiş”in yenidən yığmaya çağırılacağı barədə xəbərlər yayılıb. Uzun müddət Ronaldo ilə çiyin-çiyinə oynayan və onun kapitanı kimi 15 il əvvəl dünya kubokunu başı üzərinə qaldıran, indi isə Braziliya millisinin baş məşqçisi olan Dunqa mayın 21-də açıqlayacağı heyətdə “Yekədiş”in olacağını istisna etməyib: “Mən yığmaya kömək etmək iqtidarında olan hər oyunçunu izləyirəm. Lakin heyəti açıqlayacağım tarixə kimi nə isə demək istəmirəm. Konkret Ronaldoya gəlincə, o həmişə dahi bombardir olub. Əminəm ki, indikindən də yaxşı oynamaq iqtidarındadır. Çox sevinirəm ki, üç ildən sonra yenə yüksək səviyyəli oyun göstərir. Və mənim onun haqda fikirlərim meydana çıxdığı matçlardan asılı olaraq dəyişir. Məsələn, iki ay əvvəlki ilə indiki fikirlərim tam fərqlidir”.

Qeyd edək ki, Ronaldo Braziliya milli komandasında 97 oyuna 62 top vurub.
0