UEFA da uelsli azarkeşlərin Bakı səfərindən yazdı
22.05.2009 - 23:15
UEFA da uelsli azarkeşlərin Bakı səfərindən yazdı
Uelsli azarkeşlərin Azərbaycana səfəri UEFA-nın da diqqətindən yayınmayıb. Apasport.az saytının məlumatına görə, dünya çempionatının iyunun 6-da Bakıda keçiriləcək seçmə oyununu izləmək məqsədilə yürüşə çıxan 22 britaniyalının bu addımı Avropanın ən ali futbol qurumu tərəfindən həftənin hadisələrindən biri kimi dəyərləndirilir.

UEFA-nın rəsmi İnternet saytında ənənəvi olaraq, həftənin ən yaddaqalan hadisələrindən ibarət siyahı dərc olunur. Bu dəfə siyahıda Uelsin “Göl” fanatlar ittifaqının da addımına toxunulub. “Həftənin xoş niyyətli səfəri” sərlövhəli yazıda britaniyalıların mayın 22-də səfərə başladıqları bildirilir. Onlar 14 gün ərzində İngiltərə, Fransa, Belçika, Lüksemburq, Almaniya, Avstriya, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Türkiyə və Gürcüstandan keçməklə Bakıya gələcəklər. Azarkeşlər yolboyu 15 uşaq evinə baş çəkməyi planlaşdırırlar. Oyuncaqlar və digər hədiyyələrlə avtomobillərini dolduran qonaqlar Azərbaycan - Uels matçını izləməkdən daha çox uşaqlara sevinc bəxş etməyi düşünürlər.
0