Abdullayev: Mən də istəyirəm ki...
10.06.2009 - 15:27
Abdullayev: Mən də istəyirəm ki...
“Mən məşqçiyəm. Məni saxlayıblarsa, baş məşqçinin kimliyindən asılı olmayaraq, ona bacardığım köməyi əsirgəməyəcəyəm. İndiyədək Xodukinə canla-başla kömək etmişəm. Bundan sonra da Sxadadzeyə əlimdən gələni köməyi göstərəcəyəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun məşqçisi Elxan Abdullayev deyib.

Milli komandamızda da eyni vəzifəni icra edən 39 yaşlı Abdullayev “İnter”də baş məşqçi dəyişikliyi ilə bağlı məsələnin rəhbərliyin səlahiyyətində olduğunu qeyd edib. O, bu məsələyə qarışmağı düzgün saymır: “Əsas məsələ “İnter”in uğurlu çıxış etməsidir. Mən də istəyirəm ki, komandamız Azərbaycan çempionu olsun, kuboku qazansın, avrokuboklarda yaxşı çıxış etsin”.

Abdullayev bildirib ki, Sxadadzenin Bakının “Standard”la klubunu çalışdırdığı vaxtdan tanıyır: “Düzdür, onu əvvəldən qiyabi tanıyırdım. SSRİ, MDB yığmasında, Almaniyada çıxış edib”.

O, yeni baş məşqçi ilə əməkdaşlığın uğurla alınacağını söyləyib: “Hər halda, mən iki ildir “İnter”dəyəm və komandanı yaxşı tanıyıram. Bununla, heyətlə bağlı lazımi məlumatları yeni baş məşqçiyə verəcəyəm. Sxadadze də siyahıda olan futbolçularımızla, heyətdəki dəyişiklərlə bağlı qərar verəcək”.
0