“Qəbələ” meydana Azərbaycan bayrağı ilə çıxacaq
06.07.2009 - 17:23
“Qəbələ” meydana Azərbaycan bayrağı ilə çıxacaq
“Qəbələ” komandası tanınmış idman firması “Adidas”la əməkdaşlığını davam etdirəcək. Klubdan apasport.az saytına verilən məlumata görə, qəbələlilər ötən il anlaşdıqları bu şirkətlə yeni müqavilə bağlayıblar. Növbəti mövsüm “Qəbələ”nin bütün yaş qruplarından ibarət komandaları “Adidas” geyimləri ilə təmin olunacaqlar.

Bu şirkətin demək olar, bütün növ məhsulları "Qəbələ" üçün sifariş edilib. Əsas komandaya 60 dəst geyim ayrılıb ki, bunların içərisində müasir dövrün futbolçusuna lazım olan hər şey var. Yeni əsası qoyulan "Qəbələ" Uşaq Futbol Akademiyasının üzvləri də mövsümün əvvəlində "Adidas" geyinəcəklər. Uşaq komandaları üçün 150 dəst geyim gətirilib. Artıq geyimlərin üzərinə "Qəbələ"nin loqosu yerləşdirilib.

Oyun dəstlərində əsas yenilik Azərbaycan bayrağı ilə əlaqədardır. Belə ki, formaların sol tərəfində üçrəngli bayrağımız yerləşdirilib. Hələ ötən mövsüm "Qəbələ"nin bir dəst formasına bayraq vurulmuşdu. Ənənəvi olaraq, bütün geyimlər iki - ağ və qara rəngdədir.

Qeyd edək ki, növbəti mövsüm üçün yalnız aşağı yaş qrupları (12 yaşadək) başqa firmanın - Türkiyənin öndə gedən şirkətlərindən sayılan "Lescon"un geyimləri ilə təmin olunublar. Lakin gələn il onların da "Adidas" geyinmələri nəzərdə tutulub.
0