“Spartak”ın baş məşqçisi: Feliksə deyin ki...
30.07.2009 - 23:00
“Spartak”ın baş məşqçisi: Feliksə deyin ki...
Rusiya Premyer Liqasında mübarizə aparan Nalçikin “Spartak” klubunun baş məşqçisi Yuri Krasnojanın apasport.az saytına eksklüziv müsahibəsi

- Müqavilə ilə sizə məxsus braziliyalı hücumçu Feliks Felipe Almeydanın “Bakı”nın heyətində debütü uğurlu alındı. O, Çempionlar Liqasında özünü ən yaxşı tərəfdən göstərir. Maraqlıdır, Feliksin oyununu izləyirsinizmi?
- Bəli. Düzdür, onun oyununu görməsəm də, hər halda, uğurlu çıxışından xəbərdaram. Bilirəm ki, Çempionlar Liqasında debüt oyunundaca qol vurub. “Ekranas”la cavab görüşündə 2 dəfə fərqlənib. Bütün bunlar məni sevindirir. Hər halda, Feliks hazırda başqa klubda oynasa da, bizim futbolçudur.

- Feliksin belə inamlı oyunu, debütdə artıq üç qol vurması sizin üçün sürpriz olmadı ki?
- Yox. Çünki onu yaxşı tanıyıram, futbolçu kimi potensialına yaxşı bələdəm.

- Felipe komandanıza ötən ilin qışında gəlib. Ümumiyyətlə, transfer necə baş tutmuşdu?
- Biz onu Portuqaliyadan gətirdik. Mənim ilk növbədə onun yaxşı fiziki göstəricilərə malik olması xoşuma gəldi.

- Braziliyalı həqiqətən də yaxşı fiziki göstəricilərə malikdir, boyu 2 metrə yaxındır. Bəs niyə belə bir futbolçu “Spartak”da möhkəmlənə bilmədi? O, yeganə qolunu əvəzedicilərin çempionatında vurub...
- Feliks yaxşı futbolçudur. Ancaq onun müəyyən problemləri vardı ki, bu da ilk növbədə futbol biliyi ilə bağlı idi. Ola bilsin ki, futbol məktəbi çatışmazlığı hiss olunurdu. Fikrimcə, bizdə yaxşı məktəb keçib. Komandamız mütəşəkkil oyuna üstünlük verirdi və Feliksə belə oynamaq çətin idi. Ona özünəinam hissini artırmaq üçün ab-havanı dəyişmək lazım idi. Fikrimcə, Felipe mənəvi baxımdan özünə gəlib və bundan sonra işi yaxşı gedəcək. Şadam ki, onun indi Azərbaycanda işi yaxşı gedir, “Bakı” klubunda qolları sıralayır. Ümid edirik ki, gələcəkdə komandamıza daha yaxşı formada olan futbolçu kimi qayıdacaq.

- Yenidən Feliksə bel bağlamaq fikrindəsiniz?
- Hər şey onun Azərbaycanda özünü necə göstərməsindən asılıdır. Yaxşı oynasa, əlbəttə, onu sıralarımıza qaytaracağıq.

- Bəs ümidləri doğrultmasa?
- Onda digər variantları nəzərdən keçirəcəyik. Biz Feliksə yeni iş tapmasında yardımçı olacağıq. Ancaq ümid edirəm ki, bu hücumçuda hər şey alınacaq.

- “Bakı” Feliksin xidmətində çox maraqlıdır. Onlar icarə müqaviləsini yarım ildən bir illiyə uzatmaq istəyirlər. Bununla bağlı klubunuza rəsmi müraciət edəcəklər...
- Qoy müraciət etsinlər. Ancaq bu zaman daha icarə məsələsi yox, futbolçunun birdəfəlik məsələsi gündəmdə olacaq.

- Niyə belə?
- Biz Feliksi yenidən icarəyə vermək yox, satmaq fikrindəyik. Əgər “Bakı”nın bu futbolçu ilə bağlı marağı varsa, biz bunu nəzərdən keçirməyə hazırıq. Ancaq bunu mətbuatda yox, öz aramızda, yəni klublar arasında müzakirə edəcəyik.

- Feliks son oyunda ciddi xəsarət alıb. Belə ki, Bolqarıstanın “Levski” klubu ilə Bakıdakı oyunda başından zərbə aldı və huşunu itirən futbolçu özünə xeyli müddətdən sonra, xəstəxanada gəldi. Bundan xəbərdarsınız?
- Xeyr, indi onun vəziyyəti normaldır?

- Normaldır. Felipe artıq xəstəxanadan çıxıb və “Levski” ilə cavab görüşündə də meydana çıxacağı gözlənilir...
- Lap yaxşı. Mən buna görə şad oldum. Feliksə böyük salamlarımı çatdırın. Deyin ki, biz ona azarkeşlik edirik, ən yaxşı şeyləri arzulayırıq. İstəyimiz odur ki, səhhətində problem yaranmasın və Felipe vurduğu qollarla bizləri sevindirsin.

- Feliks qısa müddətdə azarkeşlərimizin sevimlisinə çevrilib. Onu Nalçikdə də belə isti münasibət göstərirdilər?
- Feliksin azarkeşlərinizin sevimli futbolçusu olduğunu bilirəm. Bəli, onu Nalçikdə də sevirdilər.
0