“Biz “Honka”nın istəklərinin həyata keçməsinə imkan verməməliyik”
30.07.2009 - 23:42
“Biz “Honka”nın istəklərinin həyata keçməsinə imkan verməməliyik”
“Oyun demək olar ki, düşündüyümüz kimi alındı. Yəni, qarşımıza minimum vəzifə kimi, səfər matçında qol buraxmamaq və əlimizə düşən şanslardan yararlanıb qol vurmağı qoymuşduq”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Avroliqanın üçüncü təsnifat mərhələsinin “Honka” ilə səfər oyunundan sonra təşkil olunan mətbuat konfransında Qurbanov qeyd edib ki, rəqibi istədikləri qədər öyrənə bilməsələr də, istədikləri nəticəyə nail olublar: “Rəqibin cəmi 1 oyununa baxmışdıq. Amma “Honka”nın 2 gün öncə çempionat oyununa cıxması, komandanın ikinci yarıda hardasa yorulacağına ümid yaratmışdı. Necə ki, bu gün hiss olundu. Məhz həmin dəqiqələrdə əlimiz düşən şansdan yararlanıb lazımi qolu vurduq”.

Bununla belə, Qurbanov bildirib ki, qalib Bakıdakı matçda bəlli olacaq: “Hələ heç nə həll olunmayıb. Bakıdakı qarşılaşmada biz bundan da artıq diqqətli olmalıyıq ki, növbəti mərhələyə vəsiqə qazanaq. Əlbəttə ki, rəqib Bakıya qələbə qazanmaq üçün gələcək. Biz onların bu istəklərinin həyata keçməsinə imkan verməməliyik”.

Mənbə: Futbol+ qəzeti
0