UEFA “Bakı” və “Qarabağ”ı tənqid edib, sanksiya ilə hədələdi
31.07.2009 - 15:56
UEFA “Bakı” və “Qarabağ”ı tənqid edib, sanksiya ilə hədələdi
UEFA AFFA-ya xəbərdarlıq məktubu göndərib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Bakı” – “Levski” və Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Qarabağ” – “Rusenborq” oyunlarında baş verənlərdən narahatdır.

Məktubda bu görüşlərdə təhlükəsizliyin UEFA-nın tələblərinə uyğun şəkildə təmin olunmaması əks olunub. Qarşılaşmalar üçün biletlərin çap edilməməsi, bununla əlaqədar təhlükəsizlik və ümumi tədbirlərin aşağı səviyyədə olması ciddi tənqid edilib, “Bakı” klubuna sanksiya tətbiq olunacağı bildirilib və klublarımızın cari mövsümdə avrokuboklar çərçivəsində Bakıda keçirəcəyi növbəti oyunların təşkilatçılığı ilə bağlı AFFA-nın qarşısına tələb qoyulub.

Bunu nəzərə alan AFFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 6-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Honka” qarşılaşmasının müəyyən təşkilati işlərini öz üzərinə götürüb.

Qeyd edək ki, “İnter” və “Simurq”un oyunlarına da giriş pulsuz olduğundan biletlər çap olunmamışdı. Lakin həmin qarşılaşmalarda qonaqlar istədiyi nəticəni qazandığından UEFA-ya “xəbərçilik” edən olmamışdı.

Deyəsən, ölkəmizi qələbəsiz tərk edən “Levski” ilə “Rusenborq” isə aranı qarışdırmağa başlayıb.
0