Zeynal Məmmədov: Biletlərə elə qiymət qoyacağıq ki...
31.07.2009 - 16:47
Zeynal Məmmədov: Biletlərə elə qiymət qoyacağıq ki...
“UEFA-nın Çempionlar Liqasında keçirdiyimiz son oyunlarla bağlı AFFA-ya göndərdiyi məktubdan xəbərdarıq. Hesab edirəm ki, bu, tövsiyə xarakterli bir müraciətdir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

UEFA-nın AFFA-ya göndərdiyi rəsmi məktubda “Bakı” – “Levski” və “Qarabağ” – “Rusenborq” oyunları üçün biletlərin çap edilməməsi, bununla əlaqədar təhlükəsizlik və ümumi tədbirlərin aşağı səviyyədə olması ciddi tənqid edilib, “Bakı”ya sanksiya tətbiq olunacağı bildirilib. Klublarımızın cari mövsümdə avrokuboklarda Bakıda keçirəcəyi növbəti oyunların təşkilatçılığı ilə bağlı AFFA-nın qarşısına tələb qoyulduğundan assosiasiyamız avqustun 6-da “Qarabağ” – “Honka” görüşünün müəyyən təşkilati işlərini həyata keçirəcək. Məmmədov məsələyə belə aydınlıq gətirib: “Qitə futbol qurumu ilk növbədə azarkeşlərin böyük kütləsi nəticəsində stadionda qarışıqlıqdan narazı qalıb. Yəni, oyuna giriş pulsuz olduğundan, stadiona xeyli adam gəlmişdi. Bu zaman stadionunda qarşısında da böyük kütlə yaranmışdı. Bizə qədər “İnter” və “Simurq”un avrokuboklarda oyununa giriş pulsuz olsa da, stadion belə dolmamışdı. Digər təhlükəsizlik, təşkilati məsələlərdə ciddi problem olmayıb, polis dəstəsi rəqib komandanı lazımı vaxtda müşayiət edib”.

Məmmədov UEFA-nın onlara sanksiya tətbiq etməyəcəyinə ümid edir: “İnşallah, avrokubokda növbəti ev oyunumuza biletlər çap edəcək və onun satışını həyata keçirəcəyik. Biletlərə elə qiymət qoyacağıq ki, azarkeşlərimizin cibinə uyğun olsun. Düşünmürəm ki, məsələ maliyyə sanksiyasına gəlib çıxacaq. Məncə, UEFA bu halın ilk dəfə olduğunuzu nəzərə alaraq, bu dəfə xəbərdarlıqla kifayətlənəcək. Belə hal yenidən təkrarlanacağıq halda, artıq cərimə tətbiq oluna bilər”.
0