Qyoko Hacıyevski: O, komandamızın oyun üslubuna uyğun gələn sürətli hücumçudur
16.08.2009 - 12:54
Qyoko Hacıyevski: O, komandamızın oyun üslubuna uyğun gələn sürətli hücumçudur
"Bakı"nın baş məşqçisi Qyoko Hacıyevski komandaya cəlb edilən yeni futbolçular barədə danışıb. Apasport.az saytının məlumatına görə, makedoniyalı mütəxəssis bildirib ki, həmin oyunçulara böyük ümidlər bəslənilir.

"İlk olaraq Bates, Barbosa, Feliks və Soliçi komandamıza dəvət etdik. Bates və Barbosa müdafiə xəttimizi gücləndirdilər. Soliç orta sahədə fəallığı ilə seçilən oyunçudur. Feliksə gəlincə, braziliyalı az zamanda azarkeşlərin rəğbətini qazanıb. Avropa miqyaslı turnirlərdə daha uğurlu çıxış etmək üçün transfer çalışmalarını davam etdirdik. İki rumıniyalı oyunçu ilə anlaşdıq. Daniel Oprita Rumıniya yığma komandasının üzvüdür, çox təcrübəli forvarddır. Mihay Pank isə həm müdafiə, həm də orta sahədə oynaya bilən universal futbolçudur. Onların hər ikisi yüksək səviyyəli oyun nümayiş etdirirlər. Təsadüfi deyil ki, bu gün bizimlə birlikdədirlər” – deyə Hacıyevski bildirib.

Çalışdırıcı son transfer - braziliyalı Jaba barədə ayrıca danışıb: “O, komandamızın oyun üslubuna uyğun gələn sürətli hücumçudur. Jaba bir neçə il Türkiyədə oynayıb, türkcə danışır. Onun bizim mühitə uyğunlaşması daha tez baş verəcək. Klub prezidenti bizim qarşımıza Azərbaycanı Avropa Liqasında layiqincə təmsil etmək vəzifəsi qoyub. Əlimizdən gələni edəcəyik ki, "Bazel" səddini keçərək, qrup mərhələsinə vəsiqə qazanaq. Yeni oyunçularımızın bu işdə faydalı olacağına inanıram".

bakifc.az
0