“Həmin vaxt bir nəfər gözdən yayınıb, AFFA-da gizlənmişdi...”
17.08.2009 - 16:39
“Həmin vaxt bir nəfər gözdən yayınıb, AFFA-da gizlənmişdi...”
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi

- Öncə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Almaniya oyunu barədə fikirlərinizi bilmək istərdik.
- Milli komandamız dünyanın ən sabit komandalarından birinə qarşı çox yaxşı oyun nümayiş etdirdi. Çoxları almaniyalıların Bakıda böyük hesablı qələbə qazanacağını proqnozlaşdırırdı. Lakin gördüyünüz kimi, yığmamız 0:2 hesabı ilə uduzdu. Özü də güclü rəqib önündə inamlı oyun göstərdik, sürətli hücumlar qurduq. Almaniya yığmasına yalnız qol vura bilmədik...

- Sizcə, milli komandamızın rəsmi matçlarda qol vura bilməməsinə səbəb nədir?
- Hesab edirəm ki, futbolçularımızın qol vurmalarına təcrübəsizlik maneçilik törədir. Oyun ərzində Almaniya komandasının 3 imkanı oldu ki, bunlardan da ikisini qola çevirdi. Bizim də fərqlənmək üçün 3 şansımız var idi. Ancaq yığmamız bu imkanlardan yararlana bilmədilər. Matçın videotəkrarına baxdıqda görmək olur ki, ilk 10 dəqiqədə üstünlük tamamilə bizim tərəfimizdə idi. Müəyyən epizodlarda qol vurmağımız üçün təcrübə çatmadı. AFFA artıq 1 ildir, güclü kollektivlərlə yoldaşlıq görüşləri təşkil edirik. Belə görüşlərdə əsas məqsəd milli komanda üzvlərinin oyun təcrübələrini artırmalarıdır. İnanıram ki, növbəti oyunlarda təcrübə çatışmazlığı fərqlənməyimizə maneə olmayacaq və futbolçularımız qol vuraraq, azarkeşlərə qələbə sevinci yaşadacaqlar.

- Almaniya ilə matçda həqiqətən də məğlubiyyət gözlənilən idi. Amma sentyabrın 5-də bizi asan rəqib gözləyir. Finlandiya yığması necə deyərlər, “dişimizə” görədir. Bu komandanı 2 il öncə Bakıda məğlub etmişik, səfərdə onlara qarşı başabaş mübarizə aparmışıq. Üstəlik, az öncə Finlandiya klubuna Avropa Liqasında qalib gəlmişik. Lənkəranda, çılğın azarkeşlər önündə keçirəcəyimiz finlərlə oyundan nə gözləyirsiniz?
- Ancaq qələbə! Fikrimcə, yığmamız dünya çempionatının seçmə mərhələsinin növbəti matçında uğurlu nəticəyə nail olacaq. Finlandiya bizə tanış rəqibdir. 2007-ci ildə bu komanda üzərində doğma meydanda qələbə qazanmışıq. Finlandiya ilə səfər oyunlarımız da yaxşı alınır. Ötən il Helsinkidə baş tutan qarşılaşmada onlara penalti zərbəsindən sonra uduzduq. Həm də nəzərə almaq lazımdır ki, Finlandiya ilə görüş milli komandamızın regionda keçirəcəyi ilk beynəlxalq rəsmi matç olacaq. Buna görə də qələbə istəyimiz daha çoxdur. Lənkəranlı azarkeşlərə, eləcə də bütün futbol ictimaiyyətinə qələbə sevinci yaşatmaq istəyirik.

- Bu oyuna biletlər neçəyə satılacaq?
- Biletlərin qiyməti 2-4 manatadır. Lənkəran şəhər stadionunda keçirilmiş oyunlar haqda araşdırma apardıqdan sonra biletlərin qiymətlərini müəyyənləşdirmişik. “Xəzər-Lənkəran”ın ev oyunlarına biletlər 1-2 manata satılır. Buna əsasən, milli komandamızın finlərlə görüşünə biletləri 2-4 manata dəyərləndirmişik. Biletlərin 70 faizi Lənkəranda, 30 faizi isə Bakıda satışa çıxarılacaq. Lənkərana üstünlük verməyimiz heç də təsadüfi deyil. Oyun məhz orada keçiriləcəyindən, əsas azarkeş kütləsinin lənkəranlılar olacağını düşünürük. Çox güman ki, biletlər gələn həftədən satışa çıxarılacaq. Azarkeşlər biletləri Lənkəranda stadionun kassasından, Bakıda isə AFFA-nın inzibati binasından və satış məntəqələrindən əldə edə biləcəklər. Bildiyiniz kimi, futbol həvəskarları yığmanın son 4 oyununa biletləri paytaxtın satış məntəqələrində almaq imkanı qazanıblar. Bu, çox effektli üsuldur. Biz görürük ki, satış məntəqələri təşkil olunduqdan sonra insanlar daha rahat şəkildə, çətinlik çəkmədən biletlərə sahib çıxırlar və milli komandamızın oyunlarına gəlirlər.

- Finlandiya ilə matçın nəticəsi baş məşqçi Berti Foqtsla gələcək əməkdaşlığa təsir göstərə bilərmi?
- Son vaxtlar mətbuat nümayəndələri bu sualı mənə tez-tez verirlər. Foqtsla müqavilənin uzadılıb-uzadılmaması AFFA İcraiyyə Komitəsinin səlahiyyətindədir. Onun razılaşmanın müddəti dekabr ayına qədərdir. Bununla bağlı danışıqlar noyabrda başlanacaq və Foqtsun dünya çempionatının seçmə mərhələsində göstərdiyi nəticə analiz ediləcək. Seçmə mərhələdə konkret hansısa oyununun nəticəsinə görə, yeni müqavilə bağlanılacağını, yaxud razılaşmanın pozulacağını söyləmək olmaz. Ümumiyyətlə, rəsmi matçlardan öncə belə məsələlərin müzakirəsinin komandaya mənfi təsir göstərəcəyini düşünürük.

- “Zenit” rəhbərliyinin Berti Foqtsla maraqlanması barədə məlumat yayılıb. O, yığmamızla paralel, “Zenit”də işləmək istəsə, icazə verəcəksinizmi?
- Milli komandamızın baş məşqçisi olduğu dövrdə Foqtsa həm milli komanda, həm də klub səviyyəsində çoxlu təklif gəlib. Mən belə məlumatları agentlər, KİV vasitəsilə öyrənirəm. Həmişə də bu tipli xəbərlər yayıldıqda, təkliflər göndərildikdə Foqts peşəkarcasına davranır və Azərbaycan yığması ilə müqaviləsi olduğunu bildirir. İndiyədək Foqts bizə milli komandadan və ya klubdan təklif alması barədə rəsmi müraciət etməyib. Çünki o, AFFA ilə müqaviləsinin müddətinin başa çatmadığını gözəl anlayır. Əgər bizə rəsmi müraciət edərsə, təbii ki, icazəmizdən sonra danışıqlara başlaya bilər.

- Ötən həftənin ən yaddaqalan qərarlarından biri də Premyer Liqada legionerlərə limit qoyulması ilə bağlı oldu. Əcnəbi futbolçulara “8+3” sisteminə uyğun limit qoyulması kimin təşəbbüsü idi?
- Yeni mövsümün startına qədər vəd etmişdik ki, limit məsələsi müzakirə olunacaq. Bu məsələ barədə fikir mübadiləsinin aparılması vacib idi. Çünki biz tezliklə legioner futbolçulara məhdudiyyət qoymalı idik. Qərarı 1 il öncədən qəbul etməklə, klublara planlarını limitə uyğun həyata keçirmələri üçün şərait yaratmışıq. Yəni, limitin 2010/11 mövsümündən tətbiqi onların işini pozmayacaq. Ümumiyyətlə, əcnəbilərə məhdudiyyətsiz çıxışı Azərbaycan futbolu üçün müəyyən vaxta qədər lazım idi. Ötən ildən bəri legionerlərə limit tətbiq olunmamasını iki fərqli komanda - “Bakı” və “Qarabağ”ın timsalında müqayisə etmək yerinə düşür. Demək olar, tamamilə legionerlərdən qurulmuş “Bakı” və yerli futbolçulardan təşkil edilmiş “Qarabağ” Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıblar. Hesab edirik ki, 2 il legionerlərin limitsiz oynaması kifayətdir. Bundan sonra əsas heyətdə ən azı 3 futbolçuya yer verilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Axı, yığma üzvləri öz klublarında əsas heyətdə yer almalı, oyun təcrübəsi toplamalıdırlar. İcraiyyə Komitəsində qəbul olunan digər mühüm qərar U-13 liqasının yaradılması oldu. Biz ötən il U-17 liqasının yaradılması barədə qərar vermişdik, U-15-lər arasında eksperiment yarış keçirmişdik. Bu dəfə 1997-98-ci il təvəllüdlülərin respublika birinciliyini təşkil edəcəyik. Ötən mövsüm “Danone Beynəlxalq Kuboku” yarışına kifayət qədər istedadlı uşaq qatılmışdı. Avropada 6 yaşlı futbolçuların liqası keçirilir. Biz isə yaş həddini tədricən aşağı salırıq və artıq 13 yaşlılara çatmışıq. Məncə, U-13 liqası futbolun inkişafına təkan verəcək və milli komandamızın gələcək üzvlərinin meydana çıxmasına şərait yaradacaq.

- İcraiyyə Komitəsinin son iclasında sırf mətbuat üçün maraqlı bir məqam diqqət çəkdi: yığıncaq qapalı keçirildi. Halbuki Rövnəq Abdullayevin prezidentliyi dövründə ilk dəfə belə hal yaşanırdı. AFFA-nın əvvəlki konfransları və İcraiyyə Komitəsinin iclasları mətbuat üçün açıq olurdu. Bu dəfə toplantının qapalı keçirməkdə məqsəd nə idi?
- Gündəlikdə limit məsələsi durduğundan, müzakirələrin bir deyil, bir neçə saat davam edəcəyini bilirdik. Buna görə də media təmsilçilərini bağlı qapılar arxasında saxlamaq istəmədik və iclas barədə məlumatı AFFA-nın rəsmi saytı vasitəsilə yaymağı məqsədəuyğun saydıq. Həm də onu vurğulayım ki, İcraiyyə Komitəsinin bundan əvvəlki iclasında bir jurnalist hamıdan gizlənərək, AFFA-nın binasında qalmışdı. Digər mətbuat nümayəndələrinin binadan çıxarılmasına baxmayaraq, o, gözdən yayınıb, tək qalmışdı. Fasilə zamanı onun komitə üzvlərindən müsahibə götürməsinin, məlumat ötürməsinin şahidi oldum. Təbii ki, bütün KİV təmsilçilərinin binanı tərk etdiyi halda, onun burada qalması düzgün deyildi. Bu, ayrı-seçkilik kimi qiymətləndirilə bilərdi. Ona görə də qərara aldıq ki, budəfəki iclas qapalı keçirilsin.

- “Bakı” və “Qarabağ”ın Avropa Liqasında ev oyunlarına hazırlıq işləri nə yerdədir?
- UEFA avqustun 20-də “Bakı”nın “Bazel”lə, həmçinin ayın 27-də “Qarabağ”ın “Tvente” ilə görüşünün təşkilatçılığını AFFA-ya tapşırıb. Bununla əlaqədar ötən həftənin cümə günü məktub almışıq. Biz çalışırıq ki, “Qarabağ” - “Honka” matçında olduğu kimi, qarşıdakı görüşlərdə də təşkilatçılıq yüksək səviyyədə olsun. “Bakı”nın “Bazel”lə keçirəcəyi matçın biletləri artıq satışa çıxarılıb. Oyunun biletləri 1-2 manata satılır. Mənə elə gəlir ki, bu, baha qiymət deyil və hər kəsin bilet alıb, “Bakı”nı birbaşa stadiondan dəstəkləməyə imkanı var. Bütün azarkeşlərdən xahişim budur ki, stadiona biletlə gəlsinlər və təhlükəsizlik qaydalarına tam riayət etsinlər. Onu da bildirim ki, fasilədə qapılar açılmayacaq. Ümidvaram ki, ayın 20-də “Bakı” möhtəşəm azarkeş dəstəyi altında Avropa Liqasında növbəti uğura imza atacaq.

- Sonda milli komandamızla bağlı sual vermək istərdim. Noyabrda beynəlxalq yoldaşlıq görüşləri keçirmək üçün FİFA tərəfindən vaxt ayrılıb. Həmin oyunlarda yığmamıza rəqib tapmısınızmı?
- Hazırda bununla əlaqədar danışıqlar gedir. Məsələ burasındadır ki, noyabrın 14-ü və 18-i dünya çempionatının pley-off oyunları olacaq və qarşılaşmaq istədiyimiz komandaların bu matçlarda iştirak etmək ehtimalı böyükdür...

- Belə çıxır ki, dünya çempionatında oynamağa iddialı yığmalarla danışıqlar aparırsınız?
- Elədir. Bu səbəbdən məsələ həllini tapmayıb. Yoldaşlıq görüşünə alternativ olaraq, noyabrda Dubayda keçiriləcək beynəlxalq turniri nəzərdə tutmuşuq. Dubay turniri həm hava şəraitinə, həm də saat fərqinin olmamasına görə bizə əlverişlidir. Həmin yarışda hansı komandaların mübarizə aparacağına diqqət yetirəcəyik. Dörd yığma bir dövrəli sistem üzrə yarışsa, bir həftədə 3 oyun keçirmək imkanı yaranacaq. Hər halda, noyabrda bu iki variantdan birini həyata keçirmək istəyirik.
0