Diniyevin komandası şübhə altında: UEFA araşdırmalara başladı
21.10.2009 - 13:54
Diniyevin komandası şübhə altında: UEFA araşdırmalara başladı
Qitə futbol qurumunun (UEFA) araşdırdığı şübhəli oyunlar siyahısında yer alan qarşılaşmalardan 6-sı məlum olub. Apasport.az saytının məlumatına görə, UEFA Rusiya Futbol İttifaqına göndərdiyi məktubda pul qoyuluşları ilə bağlı olduğu ehtimal edilən matçların adlarını göstərib.

Rusiya Premyer Liqasının və birinci divizionunun üst-üstə 6 qarşılaşmasının nəticəsinin danışılmış olduğundan şübhələnən UEFA bukmeker kontorlarını araşdırmaqla yanaşı, əməkdaşlarının aldığı məlumatlara əsaslanaraq belə qənaətə gəlib. Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin çalışdırdığı “Terek”in hələ birinci dövrədə “Krılya Soverov”la qarşılaşması da şübhəli matçlar siyahısındadır.

Həmyerlimizin baş məşqçi postuna gəlməsində də həmin qalmaqallı görüşün rolu olduğu ehtimal olunur. Belə ki, birinci dövrədə danışılmış olduğu iddia edilən görüşdə “aktyorlar”ı yaxşı idarə edən “rejissorlar” – Vyaçeslav Qroznı (Diniyevin sələfi) və Leonid Slutski cavab oyunu ərəfəsində istefa verib. Hər iki çalışdırıcının ikinci dövrə oyunu öncəsi 1 həftə ərzində işsiz qalması və bunu könüllü etməsi böyük əks-səda doğuran ilk matçdan sonra yenidən üz-üzə gəlmək istəməməyi ilə də izah oluna bilər.

Qeyd edək ki, “Terek” – “Krılya Sovetov” oyunu (13.06.2009, 3:2) ilə yanaşı, “Tom” – “Amkar” (14.06.2009, 1:1), “Spartak” Nalçik – “Tom” (22.08.2009, 3:0), həmçinin I divizionun “Alaniya” – “Nijni Novqorod” (02.06.2009, 2:0), “Anji” – “Nijni Novqorod” (26.07.2009, 4:0), “Anji” – “Nosta” (17.08.2009, 4:1) qarşılaşmaları da şübhəli matçlar siyahısında yer alıb.
0