Riqa-İstanbul-Bakı marşrutunun sərnişinləri
22.10.2009 - 11:56
Riqa-İstanbul-Bakı marşrutunun sərnişinləri
“Bakı”nın türkiyəli baş məşqçisi Bülənt Korkmazla “İnter”in latviyalı yarımmüdafiəçisi Andrey Rubinin maraqlı qarşıdurması var. Apasport.az saytının məlumatına görə, 6 illik fasilədən sonra Bakıda “Şəfa” stadionunda görüşəcək 41 yaşlı Korkmazla 31 yaşlı Rubin Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda mübarizə aparıblar. Bu, 2003-cü ilin noyabrında pley-off oyunları zamanı olub. Püşk veteran müdafiəçinin kapitan sarğısını daşıdığı Türkiyə yığmasına 2004-cü il Avropa çempionatına düşmək uğrunda mübarizədə rəqib Latviyanı salmışdı ki, Rubin də milli komandada yer almışdı.

Noyabrın 15-də Riqada keçirilmiş oyun latışların gözlənilməz qələbəsi ilə nəticələndi – 1:0. Qələbə topunun müəllifi, bir vaxtlar Bakı “İnter”inin transfer etmək istədiyi hücumçu Marius Verpakovskis 4 gün sonra İstanbulda da öz sözünü deyib. Türklər 2:0 hesabda irəlidə olduğu görüşün ikinci hissəsində 11 dəqiqəyə (65 və 76-cı dəqiqələr) buraxdığı iki qolla Avropa çempionatına vəsiqədən məhrum oldu.

Qardaş ölkənin təmsilçisinə son zərbəni də vuran yenə fərqlənən Verpakovskis idi.
Korkmazla Rubin hər iki oyunda əsas heyətdə meydana daxil olub. Türkiyəli həmkarından fərql, Riqada əvəzlənən Andrey İstanbulda sonadək meydanda olub. Onu Latviyadakı görüşün 89-cu dəqiqəsində əvəzləyən elə “İnter”də də komanda yoldaşı olmuş yarımmüdafiəçi Vladimir Kolesniçenko idi.

Qeyd edək ki, Korkmazla-Rubinin 6 il öncəki qarşıdurmasında “Bakı”ya yaxşı tanış olan digər futbolçular çıxış edib. “Bakı”nın ilk çempionluğunda (2005/06 mövsümündə) rolu olan latviyalı hücumçu Andrey Ştoltsers hər iki oyunun sonunda meydana daxil olub. “Bakı”nın ötən mövsüm transfer planında yer alan türkiyəli yarımmüdafiəçi Tümər Mətin Riqada 86-cı dəqiqədə oyuna girib, İstanbulda isə əsas heyətdə yer alıb və 60-cı dəqiqədə Gökdəniz Karadənizlə əvəzlənib.
0