Məşhur Mişel Votro azərbaycanlı hakimlərə qiymət verəcək
22.10.2009 - 12:45
Məşhur Mişel Votro azərbaycanlı hakimlərə qiymət verəcək
Azərbaycanlı FİFA hakimi Fariz Yusifovun 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində idarə edəcəyi oyunlar müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, oktyabrın 24-dən 29-dək İtaliyada keçiriləcək 9-cu qrupun oyunlarına təyinat almış
37 yaşlı referi 3 qarşılaşmanın iştirakçısı olacaq.

Yusifov İtaliya – Moldova və Yunanıstan – Moldova oyunlarında baş hakim, İtaliya – Yunanıstan qarşılaşmasında isə 4-cü hakim funksiyasını yerinə yetirəcək. FİFA laynsmanı Ramiz Əsədov bu qarşılaşmaların üçündə də yan xətt hakimi olacaq.

Oktyabrın 24-də Giuliano şəhərinin Ruben Fadini stadionundakı İtaliya – Moldova matçında həmyerlilərimizlə eyni briqadada macarlar Oskar Lemon və Mihal Fabian yer alacaq. Bu görüşün hakim-inspektoru və UEFA nümayəndəsi tanınmış fransalı Mişel Votro olacaq.

Oktyabrın 29-da Yunanıstan – Moldova oyunu isə Teramo şəhərinin Komunale stadionunda oynanılacaq. Həmin görüşdə həmyerlilərimizin briqadasında kimlərin yer alacağı bilinmir. Onların işinə isə şotland Robert Valentin qiymət verəcək.

Yusifovun ehtiyat hakim olacağı matç isə oktyabrın 26-da elə həmin Komunale stadionunda baş tutacaq. Qarşılaşmanın baş hakimi Menaşe Masia və laysnmanlardan biri Eyal Hatuka İsrail təmsilçiləridir. Ədalət təmsilçilərinin işinə və təşkilatı məsələlərə nəzarət isə yenə Votronun əlində olacaq.
0