Yunis Hüseynovun istefası qəbul edilmədi
22.10.2009 - 13:21
Yunis Hüseynovun istefası qəbul edilmədi
Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

- Tovuzda “Turan”a məğlubiyyətdən sonra istefa verdiniz. Bununla bağlı fikrilərinizi bilmək istərdik...
- İstefa versəm də, komandanın rəhbərliyi var. Dedim ki, onlar bunu qəbul etsələr, gedirəm. Amma istefamı qəbul etmədilər.

- Nə deyib, qəbul etmədilər ki?
- Dedilər ki, işini davam etdir.

- Belə ağır vəziyyətdə ən düzgün yol kimi istefa verməyi saysanız da, rəhbərlik qəbul etmədi. İndi bunun axırı necə olacaq?
- Qalıb işləyəcəyəm. İnşallah, bu çətinlikdən çıxacağıq.

- Niyə getmək istəyirdiniz?
- Komanda yarandığı gündən belə zəif çıxış etməmişdi. Səbəb yalnız budur.

- Ancaq məcburiyyətdən qalası oldunuz. Belə vəziyyətdə necə işləyəcəksiniz?
- Çalışacağıq ki, çətinlikdən çıxaq. Komandalarda belə “qara zolaq” olur ki, çıxa bilmirlər.

- Bu problemlər hələ yayda görünürdü. Çünki “Karvan”ın çıxış edib-etməyəcəyi böyük sual altında idi. Hazırlığa çox gec başladınız. Ancaq siz həmin vaxt bu ağır yükün altına girdiniz...
- Özüm girmişəmsə, özüm də inşallah, bu yükün altından çıxacağam.

- “Karvan”ın keçən mövsüm uğursuz çıxışına maliyyə problemləri də təsir göstərdi. Ancaq yayda demişdiniz ki, bu baxımdan vəziyyət düzəlib...
- Bizdə maddi durum superdir. Bu baxımdan heç bir problem yoxdur. Problem yalnız odur ki, uda bilmirik.

- Belə çıxır ki, futbolçular super şəraitdə özlərini pis aparırlar...
- Bəli. Yəqin ki, onlar elə super şəraitdə özlərini pis aparırlar.

- Hər halda, siz də uzun müddət futbol oynamısınız. Problem nədən irəli gəlir? Bəlkə pul çox olanda futbolçu harınlayır?
- Yox. Dünənki oyuna gəlincə, bizim komanda udmalı idi. Adamın üstündə Allah var. Düzgün danışmaq lazımdır. “Turan”la son görüşdə heç olmasa ən azı 5:2, 6:2 udmalı idik. Ancaq dünən bəxt bizdən tamamilə üzünü döndərmişdi. Nə qədər qol imkanlarımız olsa da, top qapıya girmirdi. Bu qədər qol vəziyyətlərdən istifadə edə bilmədik. Ona görə də dedim ki, bəlkə nəsə addım atım. Özüm də bilmirəm ki, nə təhər olur, belə qollar vura bilmirik.

- Bəxt bir dəfə gətirməz, iki dəfə. Ancaq cari mövsümdə “Qəbələ”ni böyük hesabla məğlub etdiyiniz həmin oyunu nəzərə almasaq, qələbə qazana bilməmisiniz...
- Mən bəxtdən danışanda yalnız “Turan”la oyunu deyirəm. Digər oyunlarımızdan heç vaxt gileylənməmişəm. Elə görüşlər olub ki, çox zəif çıxış etmişik. Niyə?

- Bunu sizdən soruşmaq istərdik. Ümumilikdə, “Karvan”ın uğursuzluğunun səbəbi nədir?
- Araşdırıram. İnşallah, səbəbini tapıb, bu çətinlikdən çıxacağıq.

- Amma həmin motivasiya ilə olmayacaqsınız. Gəlin razılaşaq ki, “Karvan”ın cari mövsümdə yüksək nəticə qazanması real deyil...
- Yox. Niyə ki? Yenidən həmin motivasiyada olacağam.

- Axı autsayderlər sırasında olan komandanızın “altılığ”a düşməsi çox çətindir. Bunu niyə qəbul etmirsiniz?
- İnşallah, bu vəziyyətdən qurtulacağıq. Özü də yaxşı yerlərə qalxacağıq. Hələ qarşıda oyunlarımız var.

- Qalan oyunlarda nəyə ümid edirsiniz?
- Yaxşı oynayıb, qələbə qazanmaq. Bunu futbolçularımız da yaxşı başa düşürlər.

- Amma nəticə də lazımdır...
- İnşallah, nəticə də olacaq.

- Növbəti turda “Qarabağ”la görüşəcəksiniz. Hazırda yüksəlişdə, liderlər qrupunda olan bu komandanı necə məğlub edə bilərsiniz?
- Məğlubedilməz komanda yoxdur və hər bir rəqibə qalib gəlmək mümkündür. “Qarabağ”la görüşdə də qələbə qazanmağa çalışacağıq. Düzdür, heyətimizdə xeyli itki var. Ancaq bununla belə, uşaqlar məsuliyyəti hiss edirlər ki, bu oyunda qələbə qazanmaq lazımdır.

- Futbolçular haqda ölçü götürmək fikriniz varmı? Ola bilərmi ki, yenə kimisə komandadan çıxaracaqsınız?
- Yox. Komandadan kənarlaşdırılan olmayacaq.

- Futbolçularınızın sayı az olduğuna görə?
- Bununla bağlı deyil. “Turan”la görüşdə kimsə qaçmadı, nəsə pis oynadı – belə şeylər olmayıb. Dünən normal oynadıq, amma uduzduq deyə istefa verdim.

- Yəni komandada ab-havanın dəyişməsini istəyirdiniz? Düşünürdünüz ki, bəlkə gələn yeni baş məşqçi yeni nəfəs gətirər, vəziyyəti düzəldər?
- Bəli. İstədim ki, gedim, bəlkə onda nəsə düzələr, futbolçular yaxşı oynayarlar. Turnir cədvəlinin sonunda qərarlaşmaq “Karvan”a yaraşmır. Bu da mənə çox pis təsir edir.

- Rəhbərlik sizi fikrinizdən necə döndərə bildi? Axı siz iddialı məşqçiniz...
- Rəhbərlik mənə inandı. Dedi ki, komandanı “qara zolaq”dan elə birlikdə çıxaracağıq.
0